Prezident Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Binyamin Netanyahu dünən Nyu-Yorkda ilk dəfə görüşüblər. Türkevidəki görüş Ərdoğanın ABŞ-ın rəhbərlik etdiyi İsrail-Səudiyyə Ərəbistanı razılaşmasına müsbət baxdığını bəyan etməsindən bir gün sonra baş tutub.
Hafta.az-ın yazdığına görə, görüşün təfərrüatlarını paylaşan İsrail mətbuatı iki liderin yaxın vaxtlarda qarşılıqlı səfərlər təşkil etmək barədə razılığa gəldiyini yazıb.
İsrail mərkəzli “Kanal 12”, Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümündə Qüdsü ən qısa zamanda ziyarət etmək və Məscidül-Əqsada namaz qılmaq istədiyini iddia edib.
“Times of Israel” qəzetində çıxan xəbərdə Ərdoğanın əvvəlki illərdən fərqli olaraq BMT Baş Assambleyasında çıxışı zamanı İsraili qınamaqdan çəkindiyi diqqət çəkib.
Xəbərdə prezident Ərdoğanın 2020-ci ildə etdiyi çıxışın salondakı İsrail səfirinin iclası tərk etməsinə səbəb olduğu xatırladılıb və builki çıxışın İsrail-Türkiyə münasibətlərində əldə edilən irəliləyişlərin əksi olduğu bildirilib.
Ərdoğan bu il BMT Baş Assambleyasındakı çıxışında İsraillə bağlı bu açıqlamaları verib: "Daimi sülh yalnız Fələstin-İsrail probleminin yekun həlli ilə Yaxın Şərqə gələ bilər. Biz Fələstin xalqını və onun dövlətini dəstəkləməyi hədəfləyirik. Bir daha təkrar edirəm, 1967-ci il sərhədlərində müstəqil və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövləti qurulmadan İsrailin axtardığı sülh və təhlükəsizliyi tapmaq çətindir. Bu kontekstdə Qüdsün tarixi məkanına, xüsusilə Harami-Şərifə hörmətlə yanaşmağa davam edirik”.
Sağ təmayüllü “Jerusalem Post” qəzeti Ərdoğanla Netanyahu arasında keçirilən görüşdə İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma razılaşmasının gündəmdə olduğunu yazıb.
Qəzet həmçinin iddia edib ki, Türkiyə mediasında görüşlə bağlı “çaşqınlıq” yaşanıb. Xəbərdə Anadolu Agentliyinin ingilis nəşrlərində iki ölkənin enerji, texnologiya və süni intellekt kimi sahələrdə mümkün əməkdaşlığının ön plana çıxdığı, agentliyin türk nəşrlərində isə İsrail-Fələstin probleminin vurğulandığı qeyd edilib.
İki lider arasındakı görüş 2002-ci ildən Türkiyəyə rəhbərlik edən Ərdoğanla İsrail tarixində ən uzun müddətdir baş nazir olan Netanyahu arasında ilk təkbətək görüş kimi qeydə alınıb.
2010-cu ildə 10 nəfərin həyatını itirdiyi “Mavi Mərmərə” basqından sonra Türkiyə ilə İsrail arasında münasibətlər pisləşib, sonrakı illərdə isə gərginlik iki liderin bir-birini soyqırımda ittiham etməsi həddinə çatıb.
2014-cü ildə Ərdoğan İsraili “Hitlerin ruhunu yaşatmaqda” ittihamlayıb.
Sonradan münasibətlər mülayim dövrə qədəm qoysa da, 2018-ci ildə Qəzzada yaşanan gərginliyə görə iki ölkə qarşılıqlı olaraq səfirlərini geri çağırıb.
2020-ci ildə yenidən başlayan yaxınlaşma 2022-ci ilin avqustunda Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin bərpası ilə nəticələnib və may ayında keçirilən seçkilərdən sonra həm baş nazir Benyamin Netanyahu, həm də prezident İsaak Hersoq Ərdoğana zəng edərək onu təbrik etdilər.