İsrail ordusunun "Qəzza tunelləri" hesabatı sızdırıldı

09:20 10.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail ordusunun Qəzza zolağında Həmas-ın tunel sisteminin əksəriyyətinin "yaxşı işlək vəziyyətdə" olduğunu müəyyən etdiyi bildirilir.

Hafta.az-ın “Times of Israel”ə istinadən yazdığına görə, “Kanal 12”nin xəbərlərinə İsrail ordusunun Qəzza müharibəsi və Həmas-ın tunel sistemi ilə bağlı hazırladığı son hesabat daxildir.

Həmçinin, Həmas-ın hələ də İsrail sərhədi yaxınlığında və ola bilsin ki, sərhədin o tayında reydlər keçirmək imkanının olduğu bildirilib.

Qəzza zolağının ən böyük şəhəri olan Qəzzada tunellərin bəzilərinin orta dərəcədə zədələndiyi, digərlərinin isə yaxşı vəziyyətdə olduğu bildirilib.

Araşdırmada həmçinin Qəzza zolağının cənubundakı Xan Yunisdə İsrail ordusunun hədəf aldığı bir çox tunelin təmir edildiyi bildirilib. Bundan əlavə, tunellərin tikintisi üçün beton istehsal edən qurğuların da təmir olunduğu deyilib.

Hesabatda iddia edilib ki, oktyabrın 7-də başlayan müharibə indi başa çatarsa, Həmas "müəyyən nöqtələrdə sərhədə yaxın və hətta sərhədi keçməklə əməliyyatlar həyata keçirə biləcək". Ancaq bu hücumların əhatəsinin keçmişdəki kimi genişmiqyaslı olmayacağı iddia edilib.

“Kanal 12”nin məlumatına görə, İsrail ordusu ilk növbədə Həmas-ın tunel şəbəkəsini məhv etməyə yönəlib.

Digər tərəfdən, hesabatda yüksək rütbəli hərbi məmurların "bu günə qədər əldə edilmiş uğurları nəzərə alaraq, Həmasla razılıq əldə oluna bilsə, girov mübadiləsi üçün hərbi əməliyyatların indi dayandırılmasının doğru olduğunu" söylədiyi bildirilir.

Yanvar ayında İsrail müdafiə rəsmilərinin paylaşdığı məlumata görə, Həmas-ın Qəzza zolağında inşa etdiyi tunellərin ümumi uzunluğu 565-725 kilometr arasındadır.

“Times of Israel”ə danışan və adının açıqlanmasını istəməyən İsrail müdafiə rəsmisi, tunellərin tamamilə məhv edilməsinin illər çəkə biləcəyini bildirib.

“Wall Street Journal”ın yanvar ayı xəbərində İsrail və ABŞ rəsmilərinin paylaşdığı məlumatlara əsaslanaraq Qəzzada tunel sisteminin yüzdə 80-nin sağlam vəziyyətdə olduğu bildirilmişdi.