İsrailin BMT-dəki səfiri Gilad Erdan İran prezidenti İbrahim Rəisinin BMT Baş Assambleyasındakı çıxışı zamanı etiraz aksiyası keçirib.
Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, İran prezidenti dünya liderlərinə müraciətinə başlayarkən Erdan ayağa duraraq “İran qadınları indi azadlığa layiqdirlər!” sözləri yazılmış pankart qaldırıb. İsrail səfirinin əlindəki lövhədə etirazın simvoluna çevrilmiş kürd əsilli 22 yaşlı Məhsa Əmininin şəkli olub.
Raisi BMT-dəki çıxışında İranda etiraz aksiyaları ilə bağlı xəbərləri "təhrif edilmiş" və "saxta" adlandıraraq, bunların Qərb kəşfiyyatının planları olduğunu iddia edib. O, həmçinin bildirib ki, İslam təlimlərinə görə, kişi və qadın “Yaradanın gözündə bərabərdirlər”.
Bundan əvvəl məlum olub ki, İran polisi hicab taxma qaydalarına riayət olunmasına nəzarəti gücləndirib. Bu məqsədlə avtomobil və piyada patrulları təşkil etməyə başlayıblar.