İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi A-Levi bazar günü axşam "Hizbullah"ın pilotsuz uçan aparatının hücumuna məruz qalan "Holani" briqadasının təlim bazasına gəlib və bazanın komandirləri və tibb qrupları ilə əməliyyat görüşü keçirib.
Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
"Biz müharibə vəziyyətindəyik. Arxadakı təlim bazasına hücum ağır olub və bunun nəticələri çox acıdır. Siz zərərçəkənlərə yardım göstərmək və onları təxliyə etmək üçün əla işləmisiniz. Həlak olanların ailələrini ziyarət etmək, yaralılarla işləmək, komandirlərə və əsgərlərə dəstək olmaqda davam edin", -deyib Herzi A-Levi.
Baş Qərargah rəisi ordunun döyüş və hazırlığı davam etdirdiyini də bildirib. "Holani" briqadası bu müharibədə bir çox uğurlar qazanıb və bölmənin ənənəsinə sadiq qalaraq, çətinliklərin öhdəsindən qətiyyətlə gəlib", - deyə yəhudi komandir vurğulayıb.