İsraillilər ölkələrindən niyə gedirlər?

09:17 25.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qəzza müharibəsindən sonra İsraildən mühacirət edənlərin sayı ikiqat artsa da, təxminən ay yarımdır qüvvədə olan atəşkəsin bu tendensiyanı dəyişdirməsi ehtimalı azdır.

Hafta.az “The Washington Post”a istinadən yazır ki, on minlərlə israillinin ölkədən köçü davam edir.

Avraham Binnenfeld Yaxın Şərqdən Avropaya köçməyi düşünənlərdən biridir. O deyir ki, 7 oktyabr 2023-cü ildə Həmas-ın rəhbərlik etdiyi təşkilatlar tərəfindən başladılan “Əl-Əqsa Tufanı” əməliyyatından əvvəl mühacirət etməyi düşünüb, lakin müharibənin başlaması ilə bu ideyadan imtina edib. O vaxt ehtiyat xidməti üçün orduya tez bir zamanda yazılmış Binnenfeld atəşkəs əldə edildikdən sonra yenidən İsraildən köçməyi düşünür: “Sirena, terror hücumu, regional müharibə, İran raketi, Qəzza və Livandakı qardaşlarımızdan cəmi bir neçə saatlıq məsafədə olmaq mənim üçün çox ağırdır”.

Binnenfeld əlavə edir ki, əgər Benyamin Netanyahu administrasiyasının ölkəni daha parlaq gələcəyə apardığına inansaydı, bütün bunların öhdəsindən gələ bilərdi.

Rəsmi məlumatlara görə, 2024-cü ildə ölkəni toplam 82700 israilli tərk edib. Bu rəqəm həmin il gələn təxminən 55280 nəfəri keçib ki, bu da İsraildə nadir hallarda müşahidə olunan mənfi xalis miqrasiya göstəricisidir.

Bu il 10 milyonluq İsraildə yenə oxşar rəqəmlərin qeydə alınacağı gözlənilir.

İsrail sosioloqları və demoqrafları ölkəni tərk edənlərin əksəriyyətinin yaxşı təhsilli, yüksək gəlirli, dünyəvi və solçu olduğunu bildirirlər. Onlar xəbərdarlıq edirlər ki, miqrasiya dalğasının iqtisadi, sosial və siyasi təsirləri ölkənin gələcəyini əhəmiyyətli dərəcədə formalaşdıra bilər.

Avropada yaşayan İsrail vətəndaşlarının sayı təxminən 200 min nəfərdir.

Beş ay əvvəl Təl-Əvivdən Hamburqa köçən rəssam Mixal Bar-Or da onlardan biridir. O, üç yaşlı övladı və Polşa pasportu olan həyat yoldaşı ilə birlikdə Almaniyaya gedib.

Mixal Bar-Or vurğulayır ki, müharibədən bəri Təl-Əvivdəki atmosfer əhəmiyyətli dərəcədə dəyişib. O, əlavə edir ki, onlar Hamburqa uyğunlaşmaqda çətinlik çəkirlər, ona görə də Portuqaliyaya köçməyi planlaşdırırlar.

Həmasın 7 oktyabr 2023-cü ildə “Əl-Əqsa Tufanı” əməliyyatı ilə başlayan müharibə iki illik döyüşlərdən sonra Qəzza zolağını xarabalığa çevirib. Atəşkəsə baxmayaraq, İsrail ordusu müxtəlif bəhanələrlə fələstinlilərə qarşı ara-sıra hücumlar etməyə davam edir.

Qəzza müharibəsində İsrail təxminən 70 min fələstinlini öldürüb. Bölgənin infrastrukturunun 90 faizi məhv edilib və Qəzzaya dəyən maddi ziyanın 70 milyard dolları keçdiyi təxmin olunur.