İstanbulda aylıq yaşayış xərci 66550 lirə oldu

09:10 07.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Planlaşdırma Agentliyinin (İPA) açıqladığı son məlumatlar meqapolisdə yaşamağın iqtisadi cəhətdən nə qədər çətinləşdiyini bir daha ortaya qoyub.

Hafta.az-ın İPA-ya istinadən yazdığına görə, İstanbulda dörd nəfərlik bir ailənin yaşayış xərci iyulda 66550 lirə (3374 manat) olaraq hesablanmışdı. Bu da iyun ayı ilə müqayisədə 4,76 faiz artım deməkdir.

IPA hesabatına görə, İstanbulda yaşayış minimumu keçən ilin eyni ayı ilə müqayisədə yüzdə 71,40 artıb.

Əvvəlki ilin eyni ayı ilə müqayisədə zeytun yağı əsas istehlak mallarında qiymət dəyişmələrində birinci yerdədir. Ötən ilin iyul ayı ilə müqayisədə zeytun yağının qiyməti 112,87 faiz artıb.

Tualet kağızı 106,23 faizlə zeytun yağını izləyib.

Ötən ilin iyul ayı ilə müqayisədə ağ pendirin qiyməti 89,61 faiz, yumurtanın qiyməti 34,45 faiz, uşaq bezlərinin qiyməti 77,95 faiz, qadın paltarları 52,07 faiz, kişi köynəklərinin qiyməti 77,90 faiz bahalaşıb.

İPA sədri Buğra Gökçə sosial media hesabından verdiyi açıqlamada, "İstanbulda yaşayış dəyəri cəmi 1 ildə 71,4 faiz artıb. 4 nəfərlik ailənin yaşayış dəyəri 66550 lirədir” deyib.