“İsveçrənin Azərbaycanda maliyyələşdirdiyi layihələr ciddi nəticələr verib” – Səfir Muriel Peneveyre

20:00 08.09.2022 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bakıda İsveçrə ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Dövlət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Peneveyre bildirib ki, diplomatik münasibətlərin təsis olunmasından 30 il yarım keçib.

“Ölkələrimiz arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildəı yaradılıb. Bu müddətdə qarşılıqlı əlaqələrimiz bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə davamlı şəkildə inkişaf edib. Bundan əlavə, insanlarımız arasında əlaqələr də əhəmiyyətli rola malikdir və düşünürəm ki, getdikcə daha çox insan qarşılıqlı səfərlər edir” deyən xanım səfir tədbir keçirilən məkanda yerləşdirilmiş iri lövhəni göstərərək “Biz burada Cenevrə gölünü əks etdirən stend quraşdırmışıq və hər birinizi həmin stendin qarşısında şəkil çəkdirməyə dəvət edirik” deyib.

Səfir Peneverye bildirib ki, Cenevrə yalnız fərqli beynəlxalq tədbirlərə ev sahibliyi eləmir, eyni zamanda işgüzar və turistik səfərlərin hədəfi kimi də məşhurdur. O cümlədən azərbaycanlı turistlər üçün də bura çox vacib məkandır.

“Diplomatik münasibətlərin 30-cu ilinə təsadüf edən üç müsbət tərəqqini vurğulamaq istərdim. Birincisi, pandemiyadan sonra ilk dəfə yüksək səviyyəli səfərlərin bərpa olunub, Milli Məclisin spikeri Sahibə Qafarova may ayında İsveçrəyə səfər edib və iyun ayında Bern şəhərində siyasi məsləhətləşmələr keçirilib. İyulda isveçrənin rəhbərlik etdiyi və Azərbaycanın da qatıldığı seçki qrupunun İsveçrədə görüşü baş tutub. Bu arada qeyd edim ki, seçki qrupunun özü də 30 illiyini qeyd etməkdədir. Mən öz tərəfdaşlarımıza, o cümlədən İqtisadiyyat Nazirliyinə davamlı etimada görə təşəkkürümü bildirirəm. Bundan əlavə, bu ilin sonunda ticarət və iqtisadi əməkdaşlıq birgə komissiyasının iclasının keçirilməsi planlaşdırılır. Mən burada hər iki tərəf üçün səmərəli olan investisiya qoyuluşunu da qeyd etmək istərdim. İkincisi, İsveçrənin 2022-2025-ci illər üçün Cənubi Qafqaz üzrə regional əməkdaşlıq proqramının yeni təqdimatı. İsveçrənin Azərbaycanda maliyyələşdirdiyi layihələr son 20 ildən artıq dövrdə birgə əməkdaşlığın əsasını qoyaraq, xüsusən də iqtisadi-texniki əməkdaşlıq sahəsində kifayət qədər əhəmiyyətli nəticələr verib. Bu müstəvidə də İqtisadiyyat Nazirliyi bizim əsas tərəfdaşımızdır. Sonuncu və heç də az əhəmiyyətli olmayan odur ki, burada  - Landmarkda İsveçrə səfirliyinin ofisi məhz İsveçrənin Milli Günü olan avqustun 1-də açılıb” deyən xanım səfir qeyd edib ki, hər kəsi bu ofisdə qarşılamaqdan məmnun olardı. Deyib ki, bu, İsveçrənin Azərbaycandakı səfirliyinin tarixində yeni əsrin başlanğıcıdır.

Tədbirdə Azərbaycan hökuməti adından iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimiz adından öz təbriklərini çatdıraraq bildirib ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan uğurlu əməkdaşlıq həyata keçirilir. “Biz İsveçrə ilə iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm veririk. Tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət getdikcə daha da genişlənməkdədir. Bu ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Dünya İqtisadi Forumunun mayda Davosda keçirilən illik toplantısında iştirak məqsədilə İsveçrəyə son səfərimi məmnunluqla xatırlayıram” deyən nazir bildirib ki, siyasi və iqtisadi cameəni bir araya gətirən forumun məhz Davosda keçirilməsi heç də təsadüfi deyil. Çünki İsveçrə dünyanın iqtisadi-maliyyə mərkəzlərindəndir.

Nazir qeyd edib ki, həmsədri olduğu Azərbaycan-İsveçrə birgə komissiyası iki ölkə arasında əlaqələrin inkişafı üçün əsas vasitələrdəndir. “Bu mənada, böyük səbrsizliklə komissiyanın növbəti iclasının keçirilməsini gözləyirik. Təbii ki, iqtisadi əməkdaşlıqda biznes sahələrinin rolu danılmazdır. Bu müstəvidə SOCAR-ın İsveçrədə, eyni zamanda İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti də qeyd edilməlidir. Biz İsveçrənin ölkəmizdəki şirkətləri ilə əməkdaşlığa maraqlıyıq və onlara hər cür dəstək verməyə hazırıq” deyən Mikayıl Cabbarov qeyd edib ki, bu baxımdan Azərbaycan-İsveçrə İqtisadi Palatası da səmərəli mexanizmlərdəndir və ondan yararlanmaq iqtisadi əlaqələrin inkişafına fayda verə bilər.

Nazir xatırladıb ki, Azərbaycanın öz torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etməsi yeni reallıqdır və bu, beynəlxalq əməkdaşlıqlar üçün əlavə fürsətlər yaradır. “Biz İsveçrə şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edirik”, - deyib nazir Mikayıl Cabbarov.

Siyasət rubrikasından digər xəbərlər