Ermənistan və onun diaspor təmsilçilərinin Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinə qarşı iddiaları səngimir.
Hər fürsətdə bu məsələdə dünyanın tanınmış kino, idman və s. sahələrində təmsil olunan ermənilərdən və onların milyonlarla auditoriyaya çıxış imkanlarından bu haqsız iddianın təbliğatında geniş istifadə olunur.
Bu dəfə İtaliyanın məşhur "İnter" klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryan əlinə düşən fürsəti "dəyərləndirib".
Hafta.az bildirir ki, klubun futbolçuların tanıtımı ilə bağlı layihəsi olan "haralısan" rubrikasının budəfəki çəkilişi məhz Mxitaryana həsr edilib.
Henrix Mxitaryan “haralısan?” sualına cavab verərək, Ermənistanın Qarabağla birlikdə xəritəsini çəkib.
"Bu, üzə çıxarılmalı olan geyimləri və adət-ənənələri olan xalqdır. Qoy Mxitaryan bizə Ermənistanın adət-ənənələri ilə bələdçilik etsin", - klubun Facebook səhifəsindəki videoda deyilir. Sonra o, İrəvandan, karyerasından danışır.
Bu təxribat videosu İnter futbol klubunun 30 milyondan çox izləyicisi olan facebook səhifəsində də yerləşdirilib.
Azərbaycanın futbol qurumları və müvafiq dövlət stukturları bu təxribata dərhal reaksiya verməli və İnter klubundan üzr və təkzib tələb etməlidir. Həmçinin erməni futbolçunun idmanı siyasətə alət etməsi ilə bağlı sanksiyalarla üzləşməsinə nail olmalıdırlar.