Jurnalistin qətlində iştirak edən şəxs bağışlanaraq müharibəyə göndərilib

11:40 16.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2006-cı ildə Rusiyada öldürülən jurnalist Anna Politkovskayanın qətlində təqsirli bilinən şəxslərdən biri prezident Vladimir Putin tərəfindən əfv edilib.

Hafta.az-ın yazdığına görə, bildirilib ki, keçmiş polis zabiti Sergey Xacikurbanov Ukraynada döyüşmək üçün Rusiya ordusuna qoşulmaq qərarına gəldiyinə görə əfv olunub.

Sergey Xacikurbanov 2014-cü ildə qətldən əvvəl rusiyalı jurnalisti izləyən şəxslərdən biri olduğu əsas gətirilərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

RBC-ya açıqlamasında Xacikurbanovun vəkili Aleksey Mixalçik deyib: "Xacikurbanov Müdafiə Nazirliyi ilə bağladığı ilk müqavilə əsasında Ukraynadakı müharibədə əsir kimi iştirak edib. O, sonradan əfv olunub, indi də müharibədə iştirak edir".

Xacikurbanovun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığı və əfv olunduğu tarixlərlə bağlı təfərrüatlar açıqlanmayıb.

Qətlə yetirilən jurnalist Politkovskayanın övladları və onun işlədiyi “Novaya qazeta” bu qərarı pisləyən birgə bəyanat yayıb. “Bu, öz düşüncəsinə və peşəsinə görə şəhid olmuş bir insanın xatirəsinə hörmətsizlikdir”, - deyə bəyanatda bildirilir.

Ailə amnistiya qərarını "böyük ədalətsizlik və özbaşınalıq" kimi qiymətləndirib.

Araşdırmaçı jurnalist Anna Politkovskaya Putini və Rusiyanın Çeçenistandakı müharibələrini tənqid edən reportajları ilə tanınırdı. Rusiyalı jurnalist 2006-cı il oktyabrın 7-də Moskvada evinin girişində güllələnərək öldürülüb.

2014-cü ildə başa çatan işdə adam öldürməkdə təqsirli bilinən iki nəfər ömürlük, üç nəfər, o cümlədən Hacikurbanov qətldə oynadıqları rola görə uzun müddətə azadlıqdan məhrum edilmişdi.