Kanadada iki şirkətə kokain istehsalına icazə verilib

12:40 06.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanadanın Britaniya Kolumbiyası ştatının inzibati mərkəzi olan Viktoriyadakı “Sunshine Earth Labs” əczaçılıq şirkəti bildirib ki, Səhiyyə Departamenti şirkətə koka bitkilərindən kokain istehsal etmək və satmaq üçün lisenziya verib.

Hafta.az-ın “Daily Hive”yə istinadən yazdığına görə, açıqlamada şirkətə kokain, həmçinin morfin, heroin və ekstazi istehsalı və satışına icazə verildiyi bildirilib.

Nazirlik oxşar icazəni fevral ayında “Adastra Labs” əczaçılıq şirkətinə də verib.

Bu lisenziyaya əsasən şirkətin halüsinogen göbələklərdən əldə etdiyi psilosin və psilosibin maddələrinin, o cümlədən kokainin istehsalı və satışı qanuniləşdirilib.

Qərar Britaniya Kolumbiyası ştatında narkotikdən ölüm hallarının artmasından sonra verilib.

Fransanın AFP xəbər agentliyinin paylaşdığı məlumata görə, 2016-cı ildən bəri ştatda ən azı 10 min, ölkə daxilində isə 30 min insan həddindən artıq dozadan həyatını itirib.

Federal hökumət ötən ilin iyun ayında qəbul etdiyi qərarla Britaniya Kolumbiyasında 2,5 qrama qədər narkotik vasitələrin daşınmasını cinayət hesabından çıxarıb. Bildirilib ki, yanvarın 1-dən qüvvəyə minən üç illik sınaq tətbiqi 18 yaşdan yuxarı şəxslər üçün keçərlidir. Beləliklə, Britaniya Kolumbiyası Şimali Amerikada ABŞ-ın Oreqon ştatından sonra ağır narkotikləri cinayətdən azad edən ikinci məkan olub.

Qeyd edək ki, kokain, heroin, metamfetamin, LSD və ekstazi kimi ağır narkotiklərin marixuana, tiryək, yuxu həbləri və ağrıkəsicilər kimi yumşaq dərmanlarla müqayisədə sağlamlıq riskləri və asılılıq yaratma ehtimalı daha yüksəkdir.