Karantin rejimi yumşaldıldı: hansı mağazalar fəaliyyətinə davam edir?

10:59 27.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gündən başlayaraq ciddi karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq bir sıra mağazalar, müxtəlif təyinatlı ictimai iaşə obyektləri fəaliyyətini bərpa edib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə artıq səhər saatlarından başlayaraq bəzi ictimai iaşə obyektləri 5 həftədən sonra fəaliyyətlərinə qaldığı yerdən davam etməyə başlayıb.
Müşahidələrimiz göstərir ki, əsasən qadın geyimləri, ayaqqabıları və bujiteriya, gözəllik aksessuarı satan mağazaların qıfılları sökülüb. Bəzi hallarda kişi üst geyimləri satılan mağazaların da qapılarının açıq olduğunu gördük.

Xırdavat, uşaq geyimləri, santexnika məhsulları, qab-qacaq satılan mağaza və dükanlarda isə demək olar əvvəlki süstlük hökm sürür.

Qapısı açılmış bəzi mağazalar isə satış üçün deyil, içərinin təmizliyi, mayın 4-nə hazırlıq üçün açılıb. Satıcılar, mağaza sahibləri belə deyir.

Bir çoxları bahalaşmanın olduğunu söyləsələr də satıcılar bu fikirlə razılaşmır. Deyirlər ki, məhsulları dəyər-dəyməzinə təklif edirlər ki, mövsümi malları gətirə bilsinlər.

İlkin Qurbanlı qadın ayaqqabıları satır. Deyir ki, hələ siftə etməyib. Amma mağazasını açdığına görə də sevinir:

"Evdə oturmaqdan bezmişdik. Nə qədər olar... Mən hərəkət etməsəm dura bilmirəm. İki saatdı açmışam, hələ heç kim gəlməyib. Çünki adamlar 2 saat icazə alıb çıxır. Yəqin ki, mayın 4-dən sonra hər şey normallaşacaq. Bu günə şükür".

Asüdə Rzayeva isə bjuteriya məhsulları satır. İki saat ərzində iki müştəri yola saldığını deyir:

"Qadınlar evdə oturmaqdan sanki bəzənib-düzənməyi unudub. Hamı ərzaq mağazasına gedir. Mağazalarımızın qapısının açıq olduğunu görənlər də təccüblənir. Yəqin ki, hər şeyin normallaşması üçün bir ay zaman alacaq".

Bu arada onu da deyək ki, iri ticarət mərkəzləri, eləcə də "Əcəmi Mall" qismən fəaliyyətini bərpa edib. Bankların və bank filiallarının qarşısında yenə də növbə var. Amma bu dəfə manatı dollara deyil, dolları manata çevirənlər sıraya düzülüb.