Kərə yağına tələbatın böyük əksəriyyəti idxal hesabına ödənir - Ekspert

10:35 22.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Hökümətin kərə yağının artmaması ilə bağlı verdiyi qərar düzgün qərar idi. Çünki hazırda bazarda kərə yağına olan tələbat böyük etibarilə xaricdən idxal olunmuş məhsullar hesabına təmin olunur. Hazırda dünya üzrə infilyasiya meyllərinin güclənməsi, dünyada artan qiymətlər idxal məhsullarının ölkəyə gətirilməsi zamanı da kifayət qədər qiymət artımlarının yuxarı səviyyədə olmasını göstərir. Buna görə də Azərbaycan höküməti mövcud qiymət artımlarının qarşısının alınması məqsədilə 15 faizlik gömrük rüsumlarının 5 faiz səviyyəsində daha 2 il müddətinə saxlanılması ilə bağlı qərar verib”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə kərə yağlarının istehsal səviyyəsi heç də arzuolunan həddə deyil: “Tələbatın böyük əksəriyyəti idxal məhsulları hesabına ödənir. Hesab edirəm ki, qiymət artımına mane olacaq daha dayanıqlı vasitə yerli istehsala nail olunmasıdır. Bunun üçün əlverişli biznes mühitinin yaradılmasına, liberal iqtisadiyyatın formalaşdırılmasına, kənd təsərrüfatı subyektlərinin yaradılmasına və bu sahəyə güzəştli kreditlərin ayrılmasına böyük ehtiyac var”.

Ekspert onu da vurğulayıb ki, kərə yağının idxalı nəticəsində hər il ölkədən böyük miqdarda vəsaitlər çıxır: “Belə ki, təkcə bir rüb üzrə olan idxal səviyyəsi təxminən 20 milyon dollarlıq vəsaitin ölkədən çıxması ilə nəticələnir. Ortalama götürsək, ötən ilin bir rübü ərzində təxminən 4 min tonluq kərə yağı və bu qəbildən olan digər yağ məhsulları idxal olunub. Bu da qeyd etdiyim kimi, 20 milyon dollarlıq vəsait hesabına icra edlib.Düşünürəm ki, bu illik göstəricidə 100 milyona yaxın vəsaitin ölkədən çıxmasına, hətta hazırkı statistika məlum olmadığından daha böyük miqdarda pul kütləsinin ölkədən çıxması ilə nəticələnir. Məhz bu vəsait hesabına əgər istehsal sahələrinin yaradılmasına nail olunarsa, bu vəsait təbii olaraq ölkəmizə qalmış olar”.