Kərgədan buynuzu qaçaqmalçılığına qarşı nüvə həlli  

10:26 28.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Afrikada alimlər qaçaqmalçılığın qarşısını almaq üçün kərgədan buynuzlarına radioaktiv material yerləşdiriblər.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, ölkənin şimal-şərqindəki yerləşən Limpopo mühafizə zonasında tədqiqatçılar kərgədanın buynuzuna radioaktiv çip yerləşdiriblər.

Uitvatersrand Universitetindən Ceyms Larkin kərgədanlardan birinin buynuzuna iki radioaktiv çip yerləşdirdiklərini bildirib. Larkin, "Rizotop" adlı layihə çərçivəsində kərgədanların peşəkar şəkildə yuxuya verildiyini və heyvanların prosedur zamanı əziyyət çəkmədiyini bildirib.

Alim əlavə edib ki, radioaktiv maddənin dozası çox azdır və heç bir şəkildə heyvanın sağlamlığına və ətraf mühitə təsir etməyəcək.

Eyni universitetdən Nithaya Çetti də radioaktiv materialın "buynuzu yararsız və insan istehlakı üçün zəhərli hala gətirdiyini" bildirib.

Cənubi Afrikanın Ətraf Mühit Departamentinin məlumatına görə, keçən il əsasən dövlət parklarında 499 kərgədan öldürülüb. Bu, 2022-ci illə müqayisədə 11 faiz artıma uyğundur.

Larkin, buynuzlara yerləşdirilən radioaktiv çiplərin beynəlxalq sərhəd məntəqələrində nüvə terrorunun qarşısını almaq üçün yerləşdirilən detektorlar tərəfindən tutulacaq qədər güclü olduğunu söylədi.

Bundan əlavə, buynuzdakı çiplər sərhəd rəsmiləri tərəfindən istifadə edilən əl radiasiya detektorları ilə aşkar edilə bilər.

Çiplərin 5 il ərzində təsirli qalacağı da bildirilib.

Kərgədan buynuzları qara bazarda çox tələb olunur. Tədqiqatçılar əvvəlcə kərgədanların buynuzlarını kəsərək alverini azaltmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Yetim kərgədanların saxlandığı qorunan ərazinin meneceri Arraye Van Deventer, "Bəlkə də brakonyerliyi dayandırmağın yolu budur. Bu, indiyə qədər eşitdiyim ən yaxşı fikirdir" deyib.