Kişilərin ən çox qorxduğu xəstəlik

11:24 18.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər dünyada prostat vəzi xərçəngindən əziyyət çəkənlərin sayı artıb. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bədxassəli yenitörəmələr arasında prostat vəzi xərçəngi (PCa) dünyanın 46 ölkəsində yayılma nisbətinə görə ikinci, kişilər arasında ölümə görə isə beşinci yeri tutur. Maraqlıdır ki, bu xəstəlik əksər hallarda 50 yaşdan kiçik kişilərdə diaqnoz olunur. Eyni zamanda, onların bəziləri metastatik prosesin inkişaf etmiş mərhələsindədir.

Mövzu ilə bağlı bizimlə söhbətləşən tibb elmləri namizədi, onkouroloq Teymur Musayev bildirib ki, prostat vəzin xərçəngi  prostat vəzinin hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir: “Prostat vəzin bədxassəli şişləri inkişafı nisbətən yavaş olur və illər ərzində kiçik ölçüdə qala bilər, və kliniki əhəməiyyəti olmadan inkişaf edə bilər. Amma şübhəsiz ki bu şişlər çox təhlükəlidir və digər xərçəng növləri kimi metastazlar əmələ gətirə bilər. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Təəssüf ki, son onilliklərdə bu şiş daha çox yayılmaqdadır və artmaqdadır. Otuz beş yaşdan sonra 10 min nəfər kişidən 1-də prostat vəzi xərçəngi baş verə bilər. Yaşla xəstələnmə riski yüz dəfələrlə artır. Altmış yaşdan yuxarı kişilər arasında hər yüz nəfərdən biri artıq xəstədir. Yetkin yaşda, 75 yaşdan sonra səkkiz kişidən birində prostat xərçəngi aşkar edilir. Bu səbəbdən 50 yaşdan yuxarı kişilərin sağlamlığına xüsusi diqqət yetirmələri vacibdir. Prostat xərçəngi ilə xəstələnmə coğrafi bölgədən asılı olaraq dəyişir. Avstraliya , Yeni Zelandiya, Şimali Amerika, Qərbi və Şərqi Avropada ən yüksək nisbətlərdədir. Bu, əsasən yaşlı bir populyasiya ilə əlaqədardır. Şərqdə, Cənubi və Orta Asiyada prostat xərçəngi tezliyi daha azdır, lakin son zamanlarda bu regionlardada artım qeyd olunur. Azərbaycana gəlincə isə deməzdim ki, bu xəstəlik sürətlə yayılır. Ölkəmizdə son bir neçə ildə icbari tibbi sığortanın tətbiq edilməsi, səhiyyənin yavaş-yavaş əlçatan olması, artıq müayinə imkanları regionboyu olduğu üçün və vaxtında diaqnoz qoyulması xəstəliyin statistikasını artırır. Əslində, mən deyərdim ki, statistika artmır, xəstəlik hər zaman olub, sadəcə, təyin olunanların sayı artır. Son 30-40 ildə xərçənglə bağlı ultrasəs müayinəsi, MRT, kompüter tomoqrafiyası və digər müayinələr istifadə olunur. Bunlar olmayanda biz xərçəng hüceyrəsinin sayını az görürdük. O zaman xəstəliyi gecikmiş mərhələdə bilirdik. Hazırda cavan bir adamın da şikayəti varsa, müayinə ilə diaqnoz qoyulur. Xəstəliyin cavanlaşması əvəzinə, insanların tibbin fərqində olmasıdır desəm, yanılmaram”. 

Prostat vəzi xərçənginin əlamətlərinə gəlincə, mütəxəssis qeyd edib ki, bu xəstəklik erkən mərhələdə özünü gizli aparır: “Təəssüf ki, erkən mərhələlərdə şiş özünü gizli aparır və heç bir simptom yaratmır. Yalnız qanda prostat spesifik antigen (PSA) səviyyəsinin artması biruzə verə bilər. Bir qayda olaraq, prostat vəzi xərçəngi olan xəstələrdə prostat adenoması ilə əlaqədar olan şikayətlər olur. Məsələn, sidik təziqinin azalması, sidik ifrazının çətinləşməsi, sidik ifrazından sonra qalıq sidiyin hissi, tez-tez sidiyə getmə, sidik qaçırmaları və s.”.

Prostat vəzi xərçənginin müalicə üsullarına da aydınlıq gətirən həkim bildirib ki, prostat vəzi xərçənginin uğurlu müalicəsi xəstəliyin vaxtında, erkən mərhələdə aşkarlanmasından asılıdır: “Bu gün şişlərin bədləşmə və yerli yayılma dərəcəsindən asılı olmayaraq, PSA səviyəsinin yüksək olmasına baxmıyaraq (T2-T3) cərrahi müalicə (radikal prostatektomiya) ən effektiv müalicə üsuludur. Bu əməliyyatlar həm açıq, həm laparoskopik, həmi də robotik üsullarla icra olunur. Prostat vəzi xərçənginin yayılmış formalarında hormonal müalicədən, kimyaterapiyadan, tarqet müalicədən və ən müasir müalicə üsulu olan radionukleid terapiyadan istifadə olunur. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, hər bir kişi 45-50 yaşdan sonra ildə 1 dəfə qanda PSA səviyyəsini yoxlatmalı və sidik ifrazı ilə bağlı şikayətləri olduğu halda mütləq şəkildə uroloqa müraciət etməlidilər”.

Müalicədən sonra hansı müşahidə tələb olunduğuna gəlincə, T. Musayev qeyd edib ki, müayinənin vacib komponentlərindən biri PSA analizidir: “Təəssüf ki, radikal müalicədən sonra da şişin yenidən əmələ gəlməsi (residiv) baş verə bilər. Buna görə də, məsələn, həkimlər prostat xərçənginə tutulmuş xəstələrə vaxtaşırı müayinələrdən keçmələrini tövsiyə edirlər. Müayinənin vacib komponentlərindən biri PSA analizidir. Həmçinin, müşahidəyə ümumi baxış, qan və sidik analizləri, ultrasəs və ya kompüter tomoqrafiyası müayinələri daxil edilə bilər”.