Könüllü cəbhəyə yollandı, yaralansa da Vətənin müdafiəsindən geri addım atmadı

16:07 08.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tarixi zəfərimizin 4-cü ilini qeyd edirik. Bu sevinci bizlərə yaşadanlar öz canları, qanları bahasına Ali Baş Komandan, Prezident İlham Əliyevin "İrəli!" əmri ilə döyüşə atılan minlərlə vətən oğlu, şəhidlərimiz, qazilərimizdir. 

Prezidentin Vətəni müdafiə çağırışına səs verərək, Müzəffər Azərbaycan Ordusunun sıralarında 44 günlük Vətən Mühzaribəsində iştirak edən qazilərimizdən biri də Həsən Sabir oğlu Baxşalıyevdir.

Həsən əslən Laçın rayonundandır. Lakin Bərdə şəhər Mahir Cəfərov 50 ünvanında doğulub, boya-başa çatıb. Deyir, doğma el-obasını işğal müddətində görməsə də, hər zaman xəyallarında Laçının dağlarında, meşələrində gəzib. O, səfalı yerləri bir dəfə də olsa görmək arzusu ilə yaşayıb. "Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad etmək üçün çağırışını eşidəndə bu arzumun həyata keçəcəyinə qəlbimdə böyük inam hissi yarandı. Heç bir şey dşünmədən könüllü şəkildə ordu sıralarına yazıldım", - deyir qazimiz.

Qeyd edək ki, Həsən evin tək övladıdır. Könüllü olaraq orduya yazıldığını ata-anasından belə gizlədib.

Qazimizin döyüş yolu Suqovuşan uğrunda ağır döyüşlərdən başlayıb. Bu istiqamətdə gedən qanlı döyüşlərdə iki dəfə yaralanıb. İlk dəfə yaralandıqdan sonra, qısa zamanda yenidən ordu sıralarına dönərək düşmənə qarşı haqq mübarizəsində, torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs vəzifənin yerinə yetirilməsində iştirak edib.

Onun sözlərinə görə, şiddətdli döyüşlərin getdiyi bir zamanda yoldaşlarından şəhidlərimiz, yaralılarımız olsa belə heç kim bir addım da olsun geri çəkilmək barədə fikirləşməyib.

"Döyüş yoldaşlarımdan leytenant Pərvin Əlizadə şəhid oldu... Bu, hər birimizdə düşməndən qisas hissini daha da alovlandırdı...".

Döyüş əməliyyatlarının çox çətin coğrafi relyefdə aparılmasına baxmayaraq, Azərbaycan əsgəri daim irəliyə addımlayıb.

"Heç birimizdə qorxu hissi yox idi. 30 il həsrətini çəkdiyimiz torpaqlarımızı azad edib irəlilədikcə, Vətənə olan sevgimiz daha da artırdı. “Bir addım da irəli gedək” fikri ilə döyüşlərə atılırdıq. 44 günlük müharibədə ordumuzda, xalqımızda olan birlik və həmrəylik, Ali Baş Komandanımızın güclü dəmir iradəsi bizə ilham verirdi. Azərbaycan əsgəri arxasında güclü liderinin, xalqının, dövlətinin dayandığını bilirdi".

Həsən öz döyüş yolundan da danışır. Bildirir ki, hərbi əməliyyatların başlandığı ilk gün Suqovuşan istiqamətində hücum təşkil edildi:

"Mən də bu qüvvələrin tərkibində idim. Bir az irərilədikdən sonra şiddətli döyüşlər başladı. Düşmən bizim birliklərimizi minaatan atəşinə tutdu. İlk dəfə oktyabrın 3-də yaralandım. Bir neçə gün hospitalda müalicə olunduqdan sonra, yenidən öz hərbi hissəmə qayıdıb döyüşlərdə iştirak etmək istədiyimi bildirdim. Lakin oktyabrın ortalarında yenidən yaralandım. Hospitalda olduğum zaman hərbi xidmət dövründə komandirim olmuş baş leytenant Həsən Rzazadə zəng edərək Laçın rayonunun işğaldan azad edilməsinə başlanıldığını xəbər verdi. Bu xəbəri böyük sevinc hissi ilə qarşılasam da, iki gündən sonra Həsən Rzazadənin şəhid xəbərini aldım... Bu gün təsəllimiz odur ki, döyüş yoldaşlarımız, dostlarımız Vətən uğrunda şəhid olublar. Onların qəhrəmanlıqları torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Həsən Baxşalıyev Ağdərə-Tərtər istiqamətlərində döyüşlərdə göstərdiyi rəhadətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Suqovuşanın azad edilməsi", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.