Taksi bazarında baş verən dəyişikliklərin arxasında duran nəsnələr

14:11 11.06.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakıda fəaliyyət göstərən bir sıra tanınmış taksi şirkətlərində qiymətlərin əhəmiyyətli dərəcədə artdığı bildirilir. Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda paytaxt sakinləri taksi sifarişləri zamanı əvvəlki dövrlə müqayisədə daha yüksək tariflərlə qarşılaşdıqlarını qeyd edirlər. Məlumata görə, iyun ayının əvvəlindən etibarən bəzi taksi xidmətlərində gediş haqları 40-50 faizədək bahalaşıb. İddialara əsasən, xüsusilə “Yango” platformasında qiymətlər ciddi şəkildə yüksəlib. Oxşar vəziyyətin “Bolt” taksi xidmətində də müşahidə edildiyi, burada da tariflərin təxminən 40 faiz artdığı bildirilir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, qiymət artımı ənənəvi olaraq tariflərin yüksəldiyi hallarla - yağışlı hava, pik saatlar və ya yol sıxlığı ilə əlaqələndirilmir. İstifadəçilərin sözlərinə görə, adi vaxtlarda belə əvvəlki qiymətlərlə müqayisədə nəzərəçarpacaq fərq yaranıb.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qeyd edib ki, taksi bazarında baş verən dəyişikliklər təsadüfi deyil və bunun arxasında bir neçə iqtisadi amil dayanır.

Onun sözlərinə görə, son aylarda taksi sektorunda tətbiq edilən yeni qaydalar bazarın fəaliyyət mexanizminə birbaşa təsir göstərib:

“Taksi fəaliyyəti ilə bağlı yeni tələblərin tətbiqi, sürücülərin sertifikatlaşdırılması, avtomobillərə qoyulan texniki və keyfiyyət standartlarının sərtləşdirilməsi bazarda fəaliyyət göstərən sürücülərin sayının azalmasına səbəb olub. Təklif azaldıqda, lakin tələb eyni qaldıqda və ya artdıqda qiymətlərin yüksəlməsi iqtisadi baxımdan təbii prosesdir”.

Ekspert deyib ki, qiymət artımına təsir edən əsas amillərdən biri də sürücülərin üzləşdiyi xərclərin yüksəlməsidir:

“Avtomobillərin texniki baxışı, ehtiyat hissələri, servis xidmətləri, sığorta və digər xərclər son dövrlərdə artıb. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirlərinin qorunması üçün tariflərə yenidən baxılması qaçılmaz olur. Bu baxımdan müşahidə olunan bahalaşma yalnız platformaların qərarı deyil, ümumi bazar şərtlərinin nəticəsidir”.

A.Əsədovun fikrincə, hazırda bazarda müşahidə olunan qiymət dəyişiklikləri keçid dövrünün təsirlərindən qaynaqlanır. O hesab edir ki, yeni tələblərə uyğunlaşan sürücülərin sayı artdıqca bazarda müəyyən sabitləşmə yarana bilər:

“Əgər yaxın aylarda daha çox sürücü yeni qaydalara uyğun fəaliyyətə başlasa, təklif genişlənə və qiymətlər müəyyən qədər sabitləşə bilər. Lakin indiki mərhələdə gediş haqlarının əvvəlki səviyyəyə qayıdacağını gözləmək çətindir. Çünki bazarda həm xidmət keyfiyyətinin artırılması, həm də təhlükəsizlik standartlarının yüksəldilməsi istiqamətində proses gedir”.

Ekspert vurğulayıb ki, uzunmüddətli perspektivdə əsas məqsəd daha təhlükəsiz, keyfiyyətli və peşəkar taksi xidmətinin formalaşdırılmasıdır. Bununla yanaşı, bu prosesin müəyyən maliyyə yükü yaratması da qaçılmazdır.

Qeyd edək ki, rəsmi qurumlar və taksi platformaları tərəfindən qiymət artımı ilə bağlı hələlik geniş açıqlama verilməyib. Lakin bazarda müşahidə olunan son tendensiyalar göstərir ki, taksi sektorunda aparılan islahatlar və artan əməliyyat xərcləri qiymətlərə təsir edən əsas amillər kimi ön plana çıxır. Hazırda isə ən çox narahatlıq doğuran məsələ gündəlik olaraq taksidən istifadə edən vətəndaşların nəqliyyat xərclərinin artmasıdır. Ekspertlər hesab edirlər ki, qarşıdakı aylarda bazarın yeni şərtlərə uyğunlaşma sürəti qiymətlərin gələcək istiqamətini müəyyənləşdirəcək.