Avqustun 7-də Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) 11-ci Baş Assambleyasının iclası keçirilib. Tədbirdə 5-ci İslam Həmrəyliyi İslam Oyunlarının iştirakçıları olan bütün Olimpiya Komitələri təmsil olunub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Türkiyə Cümhuriyyətinin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının rəsmi səfiri Tariq Ali Bakheet və İSSF-in prezidenti Zat Alliləri Şahzadə Abdulaziz Bin Turki Al Faisal Al Saudun rəsmi çıxışlarından sonra “Konya-2022” Əməliyyat Komitəsinin hesabatı təqdim edilib. Daha sonra İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilib və məsələnin daha geniş şəkildə avqustun 8-də təşkil ediləcək seminarda müzakirə ediləcəyi bildirilib.
Günün sonunda “Konya-2022” İslam Ölkələri İdman Paytaxtına dair tərəflər arasında imzalama mərasimi baş tutub.
Baş Assambleyada Azərbaycanı MOK-un vitse-prezidenti və İSSF 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil edib.