Koreya səfiri KAİT-in vitse-prezidenti ilə görüşüb

15:35 28.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Geum-gu Azərbaycana səfər edən Koreyanın İnformasiya və Kommunikasiyanın Təbliği Assosiasiyasının (KAIT) vitse-prezidenti Li Çanq-hi ilə görüşüb.

Hafta.az-ın yazdığına görə, görüş zamanı Koreya ilə Azərbaycan arasında informasiya-kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

“Biz qərara gəldik ki, nəticələr və növbəti əməkdaşlıq haqqında fikir bölüşək, informasiya texnologiyaları, kiber təhlükəsizlik və sair sahələrdə şirkətlərarası mübadilələri araşdıraq”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, səfirliyin təşəbbüsü ilə avqustun 26-da keçirilmiş KAIT–Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi görüşünün nəticələri və davamlı əməkdaşlıq perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Həmçinin süni intellekt, kibertəhlükəsizlik və digər sahələrdə şirkətlər arasında qarşılıqlı əlaqələrin qurulması imkanlarının gələcəkdə nəzərdən keçirilməsi razılaşdırılıb.