Koronavirus avtomobillərin qiymətini də aşağı salıb

12:12 29.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası demək olar ki, ölkədə bütün sahələrə öz təsirini göstərmiş oldu. İki aya yaxın karantin rejimi tətbiq edildi. İnsanlar isə evdə qalmalı oldular. İnsanların evdə qalması şəxsi avtomobil alma istəyini də arxa plana saldı. Bəs görəsən bu vəziyyət maşın salonlarına, maşın bazarlarına necə təsir etdi?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov hafta.az-a bu barədə danışarkən dedi ki, karantin rejimində avtomobil satışını həyata keçirən salonların faəliyyəti dayandırılıb:

"Məlumdur ki, insanların şəhərə çıxışı, satışa çıxarılan avtomobillə tanış olması mümkünsüzdür. Buna görə də yalnız onlayn təkliflər var. Etibarnamə ilə elektron qaydada satışı rahat formada həyata keçirmək mümkündür. Bunun üçün hansısa notariat kontoruna getməyə ehtiyac yoxdur. Amma alıcıların bundan nə dərəcədə yararlanması məsələnin digər tərəfidir. Hazırda karantin şəraitində insanlar daha çox ünsiyyətləri minimuma endirməyə çalışırlar”.

Ekspert qeyd etdi ki, maşın bazarları da bağlıdır, bu cür məkanlar insanların daha çox ünsiyyətdə olduğu məkanlar sırasındadır:

"Bütün bunlara görə, hazırda avtomobil qiymətləri aşağı düşüb. Xüsusi karantin rejimi bitdikdən sonra isə canlanmanın yaranacağı gözlənilir. Amma bunun da qısa müddətdə qiymət artımı ilə müşahidə olunacağı gözlənilmir. Çünki karantin rejimində insanlar gəlirlərindən olub. Düşünürəm ki, alıcılar karantindən sonra seçimlərinə daha ehtiyatlı yaranacaq. Ola bilsin ki, 2020-ci ilin ikinci yarısından etibarən arzulanan canlanma mümkün olsun”.