Koronavirusun ikinci dalğası - Azərbaycan üçün təhlükəli ola bilərmi?

11:40 15.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünyada COVID-19 xəstəliyinə yoluxanların sayı 4 milyon 200 mini, bu virusdan ölənlərin sayı isə 294 mini ötüb.

Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, son sutka ərzində 77 965 nəfərdə koronavirus aşkarlanıb, 6 647 nəfər vəfat edib. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 4 248 389-a, ölüm hallarının sayı isə 294 046-ya yüksəlib. Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada qeydə alınıb – 1 819 553.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klyuqe “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib ki, Avropa ölkələri koronavirus pandemiyasının ikinci dalğasına hazır olmalıdır. Bu səbəbdən səhiyyə sisteminin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi-sanitar yardım və reanimasiya şöbələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, ikinci dalğa payızda başlaya bilər:

“Payızda koronavirusun ikinci dalğası ilə qarşılaşa bilərik. Bu dalğa fonunda qrip və qızılca xəstəlikləri də yayıla bilər. Buna görə də məhdudlaşdırıcı tədbirləri yumşaldan ölkələr bayram etmək əvəzinə, hazırlıq görməlidir”.

Xatırladaq ki, ilk dəfə koronavirus Çinin Uhan şəhərində qeydə alınmışdı. Buna baxmayaraq Çində koronavirusa yoluxmaların sayı hazırda dünyada ən axrıncı yerdədir. Belə ki, Çində son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının hamısı yerli sakinlər arasında aşkarlanıb (Tszilin əyalətində). Ölkənin tibb müəssisələrində 91 nəfərin müalicəsi davam etdirilir, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. 78 mindən çox pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.  

Çində ümumilikdə 82 929 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 195 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Maraqlıdır əgər deyildiyi kimi ikinci dalğa yayılarsa, yenidən təhlükə artarmı və Azərbaycanda qabaqcadan hansı tədbirlərə ehtiyac var?

Mövzu ilə bağlı hafta.az-a danışan tibb eksperti, professor Adil Qeybulla dedi ki, ikinci dalğanın göstərilməsi sosial həyatın genişlənməsi ilə bağlıdır:

“İnsanlar bütün nəqliyyat vasitələrindən demək olar ki, istifadə etməyə başlayıblar. Bir çox karantin rejimi elan olunmuş ölkələr karantindən çıxmağa başlayıb. Amma virus təhlükəsi tamamilə yox olmayıb. Bu baxımdan da ÜST ikinci dalğanın yayılmasını ehtimal edir. Əgər ikinci dalğa olarsa bu daha çox fəlakətə gətirib çıxara bilər. İnsan ölümləri arta bilər”.

A. Qeybullanın fikrincə Azərbaycanda hazırda insanlar sosial izolyasiya qaydalarına riayət etmirlər. Əgər ikinci dalğa olarsa elə Azərbaycan üçün də ağır vəziyyət yarada bilər:

“İnsanlar karantin qaydalarına əməl etməlidirlər: sosial məsafə, maska, əlçək istifadə etməlidirlər. Amma heç kim bunlara fikir vermir. İnsanlar sui-istifadə hallarına yol verirlər, təhlükəni önəmsəmirlər”.