“Bu gün bankların əksəriyyəti Mərkəzi Bankın tövsiyəsinə əhəmiyyət vermir. İnsanlara pandemiya şəraitində problemli kreditlərə görə cərimə də hesablanır, məhkəməyə də verilir. Əslində problemli kreditlərlə bağlı məsələ tövsiyə xarakter daşıdığından bankların ona əməl etməsi məcburi deyil. İstəyən tövsiyəyə əməl edər, istəməyən etməz. Ortada hansısa qanun olmadığından bankları buna məcbur etmək olmaz”.
Bu fikirləri hafta.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bildirib.
Ekspert vurğulayıb ki, banklar özəl kommersiya qurumlarıdır və onların da öz borcları var: “Bir sıra ölkələrdə bu vəziyyətdə dövlət banklara kömək edir. Yəni, onların ziyanını bağlayır ki, krediti olanları banklar pandemiya dövründə narahat etməsinlər. Burada söhbət təkcə fiziki şəxslərdən deyil, həm də sahibkarlardan gedir. Çünki pandemiya təkcə sadə vətəndaşlara deyil, həm də sahibkarlara ciddi təsir göstərib. Yəni, bu məsələ tövsiyə ilə həll olunan iş deyil. Banklar görürük ki, onsuz da buna əməl etmirlər. Ona görə də məsələyə dövlət müdaxilə etməlidir. Kreditlər üzrə yaranan cəriməni və s. ödəyə bilər ki, problem qismən də olsa, həllini tapsın”.
Xatırladaq ki, ”Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılıb. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılıb.