“Ermənistan hökumətinin və konkret olaraq şəxsən Paşinyanın KTMT-yə qarşı verdiyi bəyanatlar Ermənistanın öz siyasətində balansı qorumaq istəyindən xəbər verir. Bu ölkədə yaxşı anlayırlar ki, Rusiya bölgədə öz təsir imkanlarını bərpa etmək üçün bütün vasitələrə əl atmağa çalışır. Və onlardan biri də KTMT adı altında öz əlavə hərbi qüvvəsini bölgəyə yeritməkdir ki, bununla Moskva bölgədə güc nümayiş etdirmək niyyətindədir. Hətta ola bilər ki, təlim adı altında yeritdiyi həmin gücü sonradan bölgədə saxlasın. Sözsüz ki, Paşinyan da bunu məqbul hesab etmir. Çünki Rusiyanın Ermənistanı öz hərbi bazası kimi bu cür istismar etməsi və yaxud etmək cəhdi həm Azərbaycanla sülh müqaviləsinin imzalanmasının müddətini uzadır, bunun ehtimallarını azaldır, həm də Paşinyanın xarici siyasətində ayrıca bir bənd olan Türkiyə ilə münasibətləri yaxşılaşdırmasına mane olur”.
Bu fikirləri hafta.az-a açıqlamasında Ermənistan baş naziri N.Paşinyanın Rusiyaya qarşı son bəyanat və addımlarını təhlil edən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
“Eyni zamanda, Paşinyan hakimiyyətə gəldiyi gündən çalışır ki, Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırsın. Amma bunun əvəzində Rusiya da bu ölkəyə mümkün qədər təsirini artırmağa çalışır. Kremldə yaxşı başa düşürlər ki, Ermənistanın nəzarətdən, onun təsir dairəsindən çıxacağı halda, şübhəsiz ki, Rusiya bütövlükdə bölgəni, yəni Güney Qafqazı itirmək təhlükəsiylə üz-üzə qalacaq. Bax, fikrimcə, bütün mübahisə bunun ətrafındadır. Lakin digər tərəfdən də, Paşinyan alternativ tapa bilmir. Alternativ məsələsi də belədir; Paşinyan bəlkə də istəyərdi ki, Türkiyə ilə münasibətləri tənzimləsin, eyni zamanda Azərbaycanla sülh müqaviləsi əldə etsin. Ancaq gördüyünüz kimi, buna çox ciddi müqavimət var. Və həmin müqavimət yalnız Rusiya tərəfdən deyil, həm Ermənistanın daxilindəki Rusiyapərəst müxalifət, həm də Qarabağdakı separatçı qondarma rejim tərəfindən və şübhəsiz ki, həmin rejimi himayə edən “sülhməramlı”lar tərəfindəndir” -deyə davamında siyasi analitik vurğulayıb.