“Kripto kralı” 11 milyard dolları necə qaytaracaq?

09:44 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

CNN 25 il həbs cəzası alacaq kriptovalyuta birjası FTX-in qurucusu Sam Bankman-Fridin 11 milyard dollarlıq cəriməni necə ödəyə biləcəyini araşdırıb.

Hafta.az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, FTX müştərilərinin 8 milyard dollardan çox pulunun itirildiyi və Bankman-Fridin bunu ört-basdır etdiyi, investorları aldatdığı iddiası ilə açılan cinayət işinə baxış keçirilib.

Prokurorlar Bankman-Fridin 40 ildən 50 ilədək həbsini istəyərkən, müdafiə vəkilləri "zorakı olmayan cinayətin ilk dəfə törədildiyini" və "FTX müştərilərinə pullarının qaytarılacağını" əsas gətirərək 5 ildən 6,5 ilə qədər həbs cəzası istəyib.

Hakim Lyuis Kaplan Bankman-Fridi 25 il müddətinə azadlıqdan məhrum edib.

Kaplan, FTX müştərilərinin 8 milyard dollarına əlavə olaraq kriptovalyuta birjasının kapital investorlarının 1,7 milyard dollar, Bankman-Frid tərəfindən qurulan Alameda Research şirkəti müştərilərinin isə 1,3 milyard dollar itirdiyini bildirib. Hakim 32 yaşlı cinayətkardan təzminat üçün 11 milyard dollar tələb edib.

CNN-in məlumatına görə, dövlət sözügedən məbləği alacaq. Ona görə də pul birbaşa kreditorlara deyil, Xəzinədarlıq Departamentinə veriləcək.

Kaplan bu pulun sonradan zərərçəkənlərə təzminat kimi verilə biləcəyini deyib. Məbləğ Ədliyyə Nazirliyinin Çirkli Pulların Yuyulmasına və Aktivlərin Bərpasına qarşı Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalardan sonra dəqiqləşdiriləcək.

Xəbərdə Bankman-Fridin hazırkı sərvətinin həcminin dəqiq bilinmədiyi bildirilərkən, “Bu məbləğin 11 milyard dolları keçməyəcəyi aydındır” deyilib.

Bildirilib ki, Bankman-Fridin bütün aktivlərinə dövlət tərəfindən həbs qoyulacaq və cinayətkar həbsdən çıxana qədər onun borcları saxlanıla bilər.

FTX-nin keçmiş CEO-su həbsdən azad edildikdən sonra dövlət onun gəlirlərinin bir hissəsini almaq hüququna malikdir.

Digər tərəfdən, keçmiş Ədliyyə Departamentinin əməkdaşı, hüquqşünas Peter Katz, "Dövlət bu işlə yalnız Bankman-Fridin bəxti gətirsə və ya milyonlarla dollar qazanacaq yeni bir işə başlayarsa məşğul olacaq" deyib.

“Wall Street Journal” Bankman-Fridin həbsxanada olarkən yaxşı davranışına görə cəzasının 17 ilə endirilə biləcəyinə diqqət çəkib. FTX-in yaradıcısı həbsdən çıxanda təxminən 50 yaşı olacaq.