“Ermənistan rəhbərinin regionda və bölgədə ikili fəaliyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan digər dövlətlərin narahatçılığına səbəb olub. Hesab edirəm ki, Ermənistanda keçirilən bu toplantı onu mərkəzdənqaçmadan yayındırıb, hansısa formada qəlibə salmaq xarakteri daşıyır”.
Bunu hafta.az-a Siyasi Hüquqların Müdafiəsi Təşkilatının rəhbəri Xəzər Teyyublu bu gün Ermənistanda keçirilən KTMT təşkilatının sammiti və ölkəmizə qarşı ola biləcək çıxışlarla bağlı açıqlamasında bildirib.
X.Teyyublu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilən toplantısının növbəlilik əsasında həyata keçirildiyini bildirib. O, KTMT-nin bu toplantısından regionla bağlı hər hansı ciddi mesajın veriləcəyini gözləməsə də, Ermənistanın keçmiş “post-sovet qəlibi”nə salmaq niyyətləri sərgilənə bilər.
“KTMT-nin bu toplantıda hansısa addımlar atacağına ciddi yanaşıram. Çünki Qafqazda yarımçıq qalan böyük işlər var. Qarabağ məsələsi tam həll olunmasa, ümumiyyətlə Qafqazda heç bir konflikt həll olunmayacaq. Qarabağ həll olunmasa Zəngəzur məsələsi həll olunmayacaq, Qarabağ həll olunmasa regionda Güneylə bağlı məsələlər, İranda gedən proseslər hansısa formada başqa istiqamətə yön ala bilər”.
Azərbaycanın KTMT -yə üzv qəbul olunması ilə bağlı ölkəmizə qarşı təhdid və təzyiqlərin olduğunu deyən ekspert mövcud reallığa əsasən bu cür təhdidləri əhəmiyyətsiz sayıb.
“Ukrayna müharibəsi də bu təşkilatın gələcəkdə fəaliyyətinin nə olmasını qaranlıqda saxlayır. Bu baxımdan təşkilatın Yerevanda keçirilən toplantısından və gələcəkdə daha da genişlənəcək struktura çevrilməsini düşünmürəm”.
KTMT-nin Azərbaycana qarşı hər hansı təsirlərinə gəlincə, X.Teyyublu əslində Ermənistanın Qarabağ məsələsində bu niyyətdə olduğunu qeyd etməklə, heç bir təsir gücünə malik olmadığını bildirib.
“KTMT Qarabağ prosesində hərbi gücü ilə Ermənistanın yanında durmadı. Çünki Qarabağ məsələsi KTMT səviyyəsindən daha çox beynəlxalq müstəvidə müzakirə olunan məsələyə çevrildiyindən və Azərbaycanın haqq işi olduğundan həmin təşkilatlar prosesdən kənarda qaldı. Bu da Ermənistanı bu təşkilatdan incik salıb Qərbə yön alması prosesini başlatdı. Amma hələ ki, KTMT Ermənistanın könlünü almaq işini aparır”.
Bütün bunlarla yanaşı X.Teyyublu hesab edir ki, KTMT-də baş verən prosesləri izləmək və ayaq-sayıq olmaq lazımdır ki, gələcəkdə bizə qarşı hər hansı bir təhlükə yönəlməsin.