Küçədə hamının maska taxması daha münasibdir - Ekspert

11:22 26.11.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada tədbirlər davam etdirilir. Elə son günlər ölkəmizdə də yoluxmada müşahidə edilən kəskin artım dövləti bir sıra yeni qərarlar qəbul etməyə vadar etdi. Belə ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərara əsasən, bu gündən Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Bununla da maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Hazırda ölkəmizdə noyabrın 21-dən açıq havada maskadan istifadə etməyənlər cərimə olunacaqlar.

Bəs görəsən, atılan addımlar öz müsbət nəticəsini nə vaxt verəcək? Virusun belə kəskin şəkildə yayılmasına əsas səbəblər nələrdir? Əlavə hansı tədbirlərə ehtiyac var?

Hafta.az bütün bu suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdi.

İlk olaraq, hepatoloq-infeksionist Azər Nağıyev dedi ki, bütün aparılan tədbirlərdə başlıca məqsəd xəstə sayını azaltmaqdan ibarətdir. Açıq havada insanların maska taxması onların sağlamlığını qorumağa kömək edəcək.

“Var sübut edilmiş təbabət, bir də sübut edilməmiş təbabət. Maska taxmaq vacibdir. Mən özüm göstəriş verilməmişdən öncə də maska taxırdım. Buna səbəb isə maskanın soyuq havada insanın hava ilə birbaşa təmasını aşağı salmasıdır. Bu, yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin də bir növ profilaktikasıdır. Bizdə açıq havada insanlar bəzi yerlərdə çox, bəzilərində isə az toplaşır. Əgər cərimə təyin edib, konkret yer göstərmiriksə, onda insanları cərimələyəndə deyəcəklər ki, “Yox, cərimə bura üçün nəzərdə tutulmayıb”. Ona görə də hamının küçədə birmənalı şəkildə maska taxması daha münasibdir. Bu bizi həm koronavirusdan, həm də digər kəskin respirator xəstəliklərindən, soyuqdəymədən qoruyar”.

İnfeksionist görülən tədbirlərin yaxın günlərdə  yoluxma sayının azalmasına müsbət təsir göstərəcəyini düşünür:

“Hər bir tədbir öz nəticəsini həmin gün, yaxud  ertəsi gün verməz. Belə şey heç cür mümkün deyil. Bunun üçün müəyyən vaxt tələb edilir. Görülən tədbirlər, ən tezi, 7-10 gün müddətində, bəzən 2-3 həftə keçdikdən sonra öz nəticəsini vermiş olur”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, atılan addımlar birtərəflidir. Yalnız qadağalarla  lazımi uğuru qazana bilməyəcəyik. Virusun yayılmasının qarşısını almaqda ictimai qınaq çox vacibdir:

“10 ay müddətində yaxşı olardı ki, həm paytaxtda, həm də bölgələrdə əhali arasında maarifləndirmə işləri görülərdi. Koronavirus elə bir qorxunc xəstəlikdir ki, onun qarşısını yalnız küçədə maska taxmaqla almaq olmaz. İnsanlarda elə həyat tərzi formalaşmalıdır ki, evdə, məişətdə virusla mübarizə apara bilsinlər. Burada ictimai qınaq da çox güclü olmalıdır. Tutaq ki, evdə insanların pandemiya ilə bağlı təsəvvürü yoxdur, ailə üzvlərindən biri küçədən virus gətirir və ona heç bir məhəl qoyulmur. Məlumatı olan insan küçədən gələnin ayaqqabısının altını silər, əl-üzünü yumağa təkid edər”.

Sosioloq bildirir ki, hazırda ən acınacaqlı hal insanların virusa yoluxub, bunu ətrafındakılardan gizlətməsidir. Nəticə etibarilə daha çox insan ziyan görür:

–       Xüsusən də kəndlərdə icra hakimiyyətləri ciddi maarifləndirmə işləri aparmalıydılar. Mənim, demək olar ki, bütün rayonlarda tələbələrim var. Onlar deyirlər ki, kəndlərdə camaat koronavirusa qarşı çox məsuliyyətsiz yanaşır. Burada maska taxana gülürlər, yas yerinə getməyənə pis baxırlar, ondan gileylənirlər. Rayon yerində 7 gün ard-arda yas saxlanılır. Bu yaxınlarda rayonların birində baş verən hadisəni sizə danışacağam. Deməli, Bakıdan bir nəfər virusa yoluxub və kəndə gedib. Burada xəstəliyini hamıdan gizlədib, tibb bacısını çağırıb  iynə vurdurub. Həmin tibb işçisinin 34 yaşlı oğlu virusa yoluxub vəfat edib. Həmin şəxsə də 7 gün yas saxlayıblar, mərhum cavan olduğu üçün bütün kənd hüzrdə iştirak edib. Elə buna görə də evdəkilərdən, onların qohumlarından ölənlər olub.  Kəndin yarısının qızdırması var, heç nədən olduğu da məlum deyil, bəlkə də virusdandır. Məsələyə bu qədər etinasız yanaşmaq olmaz. Başqa bir kəndin məktəb drektoru və onun həyat yoldaşı virusa yoluxub, 3 gün dərsə gəliblər. Hamı biləndən sonra, bunlardan soruşublar ki, “Dərsə niyə gəlirdiniz?”, deyiblər ki, “Evdə ürəyimiz sıxılırdı”. Elə bu gün baxıram ki, polis küçədə sürücünü saxlayıb. Görür ki, virusludur. Soruşur: hara gedirsən? Deyir: “Evdə ürəyim sıxılırdı”.

Biz virusla bu cür mübarizə apara bilmərik. Maska taxmayanları cərimələmək məsələyə qarşı mübarizənin daha zəif tərəfidir, güclü tərəf isə əhalinin maarifləndirilməsidir. Bunu da yeni tələblərə uyğun həyata keçirmək lazımdır, 20-30 il əvvəlki kimi etmək olmaz ”.

Ekspert onu da vurğulayır ki, koronavirus dəhşətli fəsadlara yol açır, buna görə də ona qarşı aparılan mübarizədə səhlənkarlığa yol vermək olmaz:

“Biz iki cəbhədə, iki ayrı düşmənə qarşı mübarizə aparırdıq. Şükürlər olsun ki, cəbhələrin birində qalib gəldik. Virusa qarşı mübarizəyə eyni fikiri səsləndirmək, təəssüf ki, olmur. Koronavirusa qarşı mübarizə narkotikə qarşı mübarizədən onqat güclü olmalıdır. Narkotik istifadəçisi 3-4 adamı məhv edir, amma koronavirusa yoluxub gizlədən, müalicə etdirməyən insan yüzlərlə insanın həyatını təhlükəyə atır. Bu da daha çox əhalinin səhlənkarlığıdır”.

Mütəxəssislərin fikirlərindən də aydın görünür ki, virusa qarşı mübarizədə səhlənkarlığa yol vermək, onu gözardı etmək ağır nəticələrin ilkin başlanğıcıdır. Virusa yoluxub, bunu gizlətmək isə ondan daha təhlükəlidir. Siz həm özünüzün, həm də sevdiklərinizin sağlamlığını nəzərə alaraq, qoyulan qaydalara əməl edin. Unutmayın ki, koronavirus bizdən güclü deyildir.

Oxunma sayı 828