Laçın yolu nəzarətə götürülür - Politoloq

17:27 06.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Artıq 26 gündür ki, Laçın–Xankəndi yolunda başlayan etiraz aksiyaları davam edir. Azərbaycan ictimaiyyət nümayəndələrinin öz ərazilərimizdə həyata keçirdiyi aksiyanın tələbləri niyə yerinə yetirilmir və hansı adekvat adımlar atılmalıdır?

Politoloq Elxan Şahinoğlu hafta.az-a açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi.
Politoloqun sözlərinə görə, aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqin keçirilməsinə imkan yaradılmasıdır. Amma hələ ki, buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşır.

E.Şahinoğlu mövcud sualla bağlı bir neçə cavab variantının üzərində dayanıb:

“Birinci variant odur ki, Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qalıb qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Belə olan halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.
İkinci variant odur ki, Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir”.

Politoloq qeyd edib ki, Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil.

“Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür”.

Siyasət rubrikasından digər xəbərlər