Livanda səlahiyyətlilər ölkə daxilindəki mağazalardan İsrail mallarını yığışdırıblar.
Hafta.az-ın " The Yerusalem Post"a istinadən yazdığına görə, Livanın Milli Təhlükəsizlik Nazirliyinin açıqlamasında, İsrail şirkətlərinin ölkədəki bəzi mağazalarda məhsul satması ilə bağlı xəbərlərdən sonra hərəkətə keçdiyini bildirib.
Açıqlamada mağaza və anbarlarda aparılan yoxlamalar zamanı İsrail şirkətlərinə aid olduğu təsbit edilən məhsulların nazirlik tərəfindən yığışdırıldığı qeyd olunub.
İsraillə Livanın heç bir diplomatik və ya ticari əlaqələri yoxdur. Nazirlik məhsulların Livandakı mağazalara necə gətirildiyinin hələ müəyyənləşdirmədiklərini, bununla bağlı hüquqi araşdırma başlandığını bildirib.
Bəyanatda nə qədər məhsulun yığışdırıldığı və hansı şirkətlər tərəfindən istehsal edildiyi barədə məlumat paylaşılmayıb. Digər tərəfdən, İsrailin tanınmış xəbər saytlarından olan "Ynet", səlahiyyətlilər tərəfindən ələ keçirilən mallar arasında İsrail mərkəzli Golf & Co şirkətinin istehsalı olan mətbəx dəsmalları və Promax şirkətinin izolyasiya lentlərinin olduğunu yazıb.
Golf & Co şirkətinin baş direktoru Eyal Grinberg sayta bildirib ki, sözügedən məhsulların İordan çayının qərb sahilindəki mağazalara satılan və bir şəkildə bölgədəki digər ölkələrə göndərilən anbarı olmayan mallar ola bilər.
"Ynet"in paylaşdığı fotoda müsadirə edilən dəsmalların Türkiyədə istehsal olunduğu görülüb. Nazirlikdən kimliyini açıqlamayan şəxs dəsmalların İsraildə satılmaq üçün Türkiyədə istehsal olunduğunu təsdiqləyib.
Aprel ayında qarşılıqlı raket və artilleriya atəşi ilə iki ölkə arasında gərginlik yenidən artıb. Livanın cənubundan raket hücumlarından sonra İsrail ordusu artilleriya atəşi ilə cavab verib. İsrail hücumlarda HƏMAS və Livan hökumətini günahlandırıb. HƏMAS və Livan rəhbərliyi hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, Hizbullah cavab addımı atacağını açıqlayıb.
İsrailin müdafiə naziri Yoav Gallant avqustun 8-də verdiyi açıqlamada Hizbullah-ı hədələyib: “Burada gərginlik və ya münaqişə olarsa, Livanı daş yığınına çevirəcəyik”.
Hizbullah lideri Həsən Nəsrullah da İsrailə “Livana müharibə elan etsən, səni daş dövrünə göndərəcəyik” deyə eyni məzmunlu cavab verib.