Moskva anlamalıdır ki, bu addım regionda etimad mühitini sarsıdır - Rəy

12:16 30.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son günlər Qarabağ mövzusunun yenidən informasiya gündəminə çıxarılması diqqət çəkir. Bəzi media orqanlarında "Artsax" ifadəsinin yenidən işlədilməsi, keçmiş qondarma separatçı rejimə aid simvolların nümayiş etdirilməsi və Qarabağ erməniləri ilə bağlı müxtəlif iddiaların tirajlanması bu addımların arxasında hansı siyasi məqsədlərin dayandığı ilə bağlı suallar doğurur. Ekspertlər hesab edirlər ki, regionda yeni geosiyasi reallıqların formalaşdığı bir vaxtda bu cür informasiya kampaniyaları təsadüfi xarakter daşımır və müəyyən siyasi mesajlar ehtiva edir.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Hafta.az-a bildirib ki, son vaxtlar Rusiyanın bəzi media orqanlarında və siyasi dairələrində keçmiş Qarabağ separatizminin yenidən informasiya müstəvisinə daşınması təsadüfi proses deyil. Onun sözlərinə görə, "Artsax" ifadəsinin yenidən dövriyyəyə buraxılması, Qarabağ ermənilərinin guya zorla bölgədən çıxarıldığına dair iddiaların tirajlanması, eləcə də keçmiş qanunsuz silahlı separatçı birləşmələrin simvollarının Rusiya mediasında nümayiş etdirilməsi müəyyən siyasi dairələrin bu mövzunu yenidən aktuallaşdırmaq niyyətindən xəbər verir.

"Azərbaycan 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etdi və Qarabağdakı separatizm məsələsini birdəfəlik bağladı. Bu mövzu artıq nə hüquqi, nə də siyasi baxımdan müzakirə predmeti ola bilməz. Lakin Rusiyanın müəyyən dairələri görünür ki, bu səhifəni tam bağlamaq istəmir və Qarabağ mövzusunu gələcək geosiyasi proseslərdə təsir aləti kimi saxlamağa çalışırlar", – deyə A.Quliyev vurğulayıb.

Siyasi şərhçinin fikrincə, bu cür addımlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməkdən başqa heç bir nəticə verməyəcək:

"Moskva anlamalıdır ki, Qarabağ separatizmini informasiya gündəminə qaytarmaq cəhdləri regionda etimad mühitini sarsıdır. Maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın bəzi media platformalarında səsləndirilən tezislər Avropa və ABŞ-da Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa çalışan müəyyən siyasi dairələrin ritorikası ilə ciddi şəkildə üst-üstə düşür. Bu isə Rusiyanın öz geosiyasi maraqlarına da uyğun gəlmir. Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsini tarixə çevirdiyi kimi, Rusiya da bu mövzudan siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdlərinə son qoymalıdır. Əgər Moskva Bakı ilə münasibətlərin qarşılıqlı etimada əsaslanan məcrada inkişafında maraqlıdırsa, separatizmə hər hansı formada siyasi, informasiya və ya ideoloji dəstək verən bütün təşəbbüsləri dayandırmalıdır. Bu, həm regionda davamlı sabitliyin qorunması, həm də Azərbaycan-Rusiya münasibətlərinin sağlam inkişafı üçün vacib şərtdir".

A.Quliyev əlavə edib ki, Qarabağdan köçmüş ermənilərin sonrakı taleyi ilə bağlı müxtəlif iddialar da səslənir. Onun sözlərinə görə, həmin şəxslərin bir hissəsinin Rusiyanın nəzarətində müxtəlif istiqamətlərdə, o cümlədən hərbi fəaliyyətlərə cəlb olunduğu barədə yayılan məlumatlar ciddi araşdırılmalıdır:

"Əgər bu iddialar təsdiqini taparsa, bu, vaxtilə Azərbaycana qarşı istifadə olunan separatçı resurslardan bu gün başqa geosiyasi məqsədlər naminə yararlanıldığını göstərə bilər".

Siyasət rubrikasından digər xəbərlər