Macarıstanla əməkdaşlıqda yeni mərhələ - Gündəm

10:15 02.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda həyata keçirilən rasional siyasət kursu, uğurlu islahatlar, ölkəmizin geopolitik mövqelərinin daha da möhkəmlənməsinə, region ölkələri və digər dövlətlərlə əməkdaşlığın dərindən inkişafına böyük töhfələr verir. Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlər və sonuncu olaraq, Macarıstana rəsmi səfəri ölkəmizin Mərkəzi və Şərqi Avropada da böyük təsir imkanları formalaşdırdığını göstərir.

Qeyd edək ki, Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub və ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

İki dövlət arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da xüsusi önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. 2023-cü ilin fevralında Bakıda keçiriləcək CQD-nin Məşvərət Şurasının illik iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun iştirakı nəzərdə tutulur.

Digər bir nüansı xatırlatmaq yerinə düşər kii, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri də böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib. Yəni Azərbaycan-Macarıstan əlaqələri təkcə bu gün üçün deyil, gələcək üçün də vacib əhəmiyyətə malikdir. Dövlətimizin başçısının Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq.

Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlığa çevrilir: “Azərbaycan Macarıstan münasibətləri dostluğa, qardaşlığa, dövlətlərin və xalqların firavanlığına, inkişafına əsaslanır. Qarşılıqlı əməkdaşlıq bu gün də davam edir və hər iki ölkə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri və səfər zamanı strateji tərəfdaşlığın dərinləşməsinə dair imzalanmış Birgə Bəyannamə bunun əyani nümunəsidir. Bu Azərbaycan - Macarıstan tərəfindən strateji tərəfdaşlığa dair imzalanmış ikinci çox əhəmiyyətli sənəddir və hər iki dövlətin milli maraqlarına uyğundur”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində də əsaslı işlər görülmüşdür. Səfər zamanı dövlətimizin rəhbəri bildirmişdir ki, “vaxtilə tarixə qovuşmuş sayılan NABUCCO layihəsini biz indi canlandırmışıq. Artıq intekomektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, oradan sonra Ruminiyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”. Göründüyü kimi Macarıstan həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən bir ölkə kimi fəaliyyət göstərəcək ki, bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılmasında Macarıstanın imkanları böyükdür və bu istiqamətdə də vacib layihələr hazırlanmışdır. Azərbaycan enerji məsələləri ilə bərabər nəqliyyat, təhsil, mina təmizləmə sahəsində də Macarıstanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Artıq dəmir yolu vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılmışdır. Bildirildiyi kimi təkcə keçən il tranzit yüklərinin həcmi 75 faiz artmışdır. İki yüz Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda oxuyur. Mina təmizləmə sahəsində Macarıstan təcrübəsindən istifadə edilir və gələcək əməkdaşlıq üçün yaxşı nümunələr vardır. Macar şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti üçün zəmanət var və səfər zamanı bu məsələlər barədə ətraflı söhbətlər aparılmışdır. İmzalanmış Bəyannamələr, həyata keçirilən çox mühüm layihələr, qarşıya qoyulan yeni vəzifələr deməyə imkan verir ki, Azərbaycan - Macarıstan əlaqələri artıq strateji tərəfdaşlığa çevrilmişdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün faydalanacaqlar”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Macarıstan şirkətləri Azərbaycanda işləməkdə maraqlıdırlar: “Macarıstan Azərbaycanın dost ölkələrindən biridir. Təqdirəlayiqdir ki, Macarıstan, həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür. Macarıstan şirkətləri Azərbaycanda, xüsusilə enerji sektorunda yaxından iştirak edir, hətta ölkəmizə milyard dollardan çox investisiya qoyub. Azərbaycanla Macarıstan arasında yaxşı münasibətlər mövcud olsa da, ticarət əlaqələri potensialın aşağısındadır. Bunun da əsas səbəbi Macarıstanın Avropanın kontinental hissəsində, dənizdən kənarda yerləşdiyi üçün və Azərbaycanın okeanlara çıxışı olmadığından logistika məsələlərinin çətin həll olunması ilə bağlıdır. Buna baxmayaraq, bu göstərici son dövrlər artmaqdadır. Təbii ki, bizim Macarıstanla digər siyasi əlaqələrimiz də mövcuddur, qeyri-iqtisadi əlaqələrimiz daha yaxşı vəziyyətdədir. Bu da iqtisadi və ticarət əlaqələrini yaxşılaşdırmağa imkan verir”.

Ekspert vurğulayıb ki, əlaqələrin inkişaf potensialı əsas iki istiqamət üzrədir: “Birincisi, Macarıstan Cənub Qaz Dəhlizindən qaz almaqda maraqlıdır, Azərbaycan da bu istiqamətdə Macarıstana qaz satmaqda xüsusi maraq göstərir. Bu, Azərbaycanın satış bazarının diversifikasiyası deməkdir. Həmçinin Azərbaycan bir neçə ildə qaz satışının həcmini artırmağı planlaşdırır. Avropaya qaz ixracının 2027-ci ilə qədər 32 milyard kubmetrə qədər artırılması gözlənilir və bu istiqamətdə Macarıstanla əməkdaşlıq mümkündür. İkinci mühüm bir istiqamət Prezident İlham Əliyevin Rumıniyaya səfəri çərçivəsində dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanmasıdır. Sazişin mühüm nəticəsi olaraq, bərpaolunan enerji mənbələri üzrə istehsal ediləcək elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dəniz sualtı kabeli ilə Rumıniya və Macarıstana, həmçinin digər Avropa ölkələrinə ötürülməsi üçün infrastruktur imkanlarının yaradılması nəzərdə tutulub. Bu Saziş əməkdaşlığın geniş potensialını yaradır. Hazırda bu layihə üzərində iqtisadi-texniki dəyərləndirmə aparılır. Buradan da müsbət qərarın çıxması gözlənilir ki, Azərbaycan bu xətt vasitəsilə Avropaya 4 qiqavatlıq külək və ya Günəş enerjisi ixrac etsin. Bu, Azərbaycana Macarıstanın enerji bazarına daxil olmağa imkan verir. Həmçinin bərpaolunan enerji mənbələri əsasında istehsal olunan elektrik enerjisinin Avropa bazarına, o cümlədən Macarıstana ötürülməsinə gətirib çıxaracaq. Azərbaycan əsas gücünü bu istiqamətə yönəldib. Dövlətimiz planlaşdırır ki, yaxın gələcəkdə alternativ enerji mənbələri əsasında elektrik enerjisinin istehsalını ciddi şəkildə genişləndirsin. Bunun da əsas bazarı kimi Avropanı, o cümlədən Macarıstanı görür. Bu istiqamətdə əməkdaşlığın geniş potensialı mövcuddur”.

Oxunma sayı 262