Makron heç vaxt Brüssel prosesinin tərkib hissəsi olmayıb  - Millət vəkili

16:44 28.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ermənistanın Brüssel görüşündə Fransa prezidentinin iştirakı ilə bağlı “şərtinə” cavab olaraq dekabrın 7-də keçirilməli olan görüşdən imtina edib. Bu mövqe bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən açıqlandı.  

 Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hafta.az-a bildirib ki, Paşinyan 2019-cu ildə "Qarabağ Ermənistandır, nöqtə" deməklə, İrəvanın əsl niyyətini ifadə edib danışıqların əslində mənasız olduğunu, Ermənistanın işğal etdiyi torpaqlardan könüllü formada heç vaxt çıxmayacağını bəyan etmiş oldu.

“Prezident İlham Əliyev məhz həmin Paşinyanı diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur etdi. O zaman Paşinyanı cürətləndirən güclərin heç biri Ermənistanı biabırçı və şərəfsiz məğlubiyyətdən xilas edə bilmədi. Müharibədən sonra ilk dövrlər, Azərbaycanın Dəmir Yumruğunun xofu ilə Paşinyan öhdəliklərini icra edərək Ağdam, Laçın və Kəlbəcəri sakitcə təhvil versə də, sonradan yenidən Fransa, İran kimi dövlətlərin, o cümlədən, Rusiya Müdafiə Nazirliyində bəzi özfəaliyyət qruplarından aldıqları dəstək hesabına yenidən radikallaşmağa başladı”.

Deputat bildirib ki, bu ilin dekabrın 7-də planlaşdırılan görüş üçün yalnız Fransa prezidenti Emmanuel Makronla birgə iştirak edə biləcəyi şərtini qoyması,  əslində Paşinyanın 2019-cu ilin yayındakı təcavüzkar ritorikasının davamıdır.

“Ermənistan Baş naziri bu şərti qoymaqla faktiki olaraq danışıqları bloklamış olur. Çünki hər kəsə, o cümlədən də Paşinyana aydındır ki, Makron və Fransa 30 illik münaqişə və iki illik postmünaqişə dövründə birmənalı olaraq Ermənistanın mənafelərindən çıxış edib. Buna baxmayaraq, Azərbaycan Prezidenti bir neçə dəfə Makronun danışıqlarda iştirakına imkan yaradıb, amma Praqa görüşündən sonra Makronun prezident leksikonu və dövlət başçısı ləyaqətinə sığışmayan mövqe nümayişi, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təcavüz nitqi Fransa liderinin gələcək görüşlərdə iştirak perspektivini mümkünsüz edir. Paşinyan yaxşı anlayır ki,  Fransa Senatının qəbul etdiyi, Fransa Milli Assambleyasının isə qəbul etməsi gözlənilən, siyasi iyrənclik ehtiva edən anti-Azərbaycan qətnaməsi, habelə Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdindən sonra Paris artıq sülh danışıqlarında hər hansı formada vasitəçilik və iştirak edə bilməz. Ona görə də Ermənistan tərəfindən məhz danışıqları bloklamaq, yenidən gərginlik yaradıb "məzlum" erməniləri xilas etmək üçün Fransa və İranın dəstəyi ilə  qlobal müstəvidə anti-Azərbaycan ritorikası formalaşdırmaq, hətta müharibəni yenidən başlamaq kimi təhlükəli və riyakar tendensiyalar müşahidə edilir”.

B.Məhərrəmov hesab edir ki, baş verənlər fonunda Brüssel prosesinin iflasa uğramasını söyləmək olmaz. Onun fikrincə, Makron heç vaxt Brüssel prosesinin tərkib hissəsi olmayıb, prosesdə bir neçə dəfə yalnız Azərbaycan rəhbərinin xoş niyyət ifadəsi kimi iştirak edib.

“Bu mənada hansısa bir, iki görüşün baş tutmaması səmərəli hesab edə biləcəyimiz platformanı dağıda bilməz. Dağıtsa, bu artıq İrəvan üçün son deməkdir. Çünki, bölgədə yeni bir gərginlik 104 illik erməni dövlətçiliyinin sonu olacaq və heç bir qüvvə, heç bir təşkilat Azərbaycanın növbəti mütləq qələbəsinə, eləcə də daha əvvəlki dövrləri əhatə edən tarixi ədalətin bərpasına mane ola bilməz. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında istənilən təhdidə qarşı birlik, bərabərlik nümayiş etdirərək bir yumruq olaraq maraq və mənafelərimizi qorumağa hazırdır. Bütövlükdə Cənubi Qafqazda əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan və qoyulacaq bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Cənab Prezidentin Şuşadan da bəyan etdiyi kimi, erməni xalqı başa düşməlidir ki, onlar istifadə olunurlar və heç kim güclü Azərbaycan Ordusu ilə onların əvəzində döyüşməyəcək. Ermənilərin öz döyüşçülərinin güc və imkanlarına isə minlərlə fərari fonunda 44 günlük savaşda hər kəs şahid oldu”.

Siyasət rubrikasından digər xəbərlər