Mərakeşdəki müxalif Mərakeş Xalq Hərəkatı Partiyasının baş katibi Məhəmməd Ouzzin Fransa prezidenti Emmanuel Makronun zəlzələ ilə bağlı Mərakeş xalqına birbaşa müraciətinin “uyğunsuz və diplomatik normalara zidd” olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Faqih Tetouani Vəqfinin dünən Saledə təşkil etdiyi tədbirdə çıxış edən Ouzzin mərakeşlilərin Makronun bu davranışını qəbul etmədiklərini vurğulayaraq onun birbaşa ictimaiyyətə deyil, Kral VI Məhəmmədə müraciət etməli olduğunu bildirib.
Xatırladaq ki, Makron Fransanın zəlzələnin nəticələri ilə mübarizə səylərini dəstəkləmək üçün ayırdığı yardımla bağlı birbaşa Mərakeş xalqına müraciət edib.
Mərakeş rəsmiləri iki ölkə arasındakı siyasi gərginliyə görə Fransadan kömək almaqdan çəkinsələr də, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya və İngiltərədən xilasetmə qruplarının gəlişindən məmnun olduqlarını bildiriblər.
Ouzzin, Fransa mediasında "yardım qəbul etməyən Mərakeşə qarşı edilən tənqidlərə də toxunaraq" deyib: “Yardım məsələsinə görə Fransa mediasındakı bu tənqidləri başa düşə bilmədim. ABŞ kimi yardım təklif edən bir çox ölkə var, lakin heç biri Fransa kimi reaksiya verməyib”.
Ouzzin tərəfləri zəlzələdən zərər çəkənlərə yardım və dəstək verməməkdə ittiham edənlərlə bağlı sualı da cavablandırıb. “Fəlakət zamanı dövlət əsas aktyor olur. Kimsə yardım göstərmək üçün kəndlərə gedib, qurbanları siyasi cəhətdən istismar etmək üçün onlarla şəkil çəkdirə bilməz”, - deyə partiya rəsmisi bildirib.
Ouzzin sözlərinə görə, Mərakeş Xalq Hərəkatı Partiyasına üzv millət vəkillərindən bu ərazilərdə xilasetmə işləri və yardım göstərən partiyanın seçilmiş rəsmiləri istisna olmaqla, zəlzələ bölgələrinə getməməyi xahiş edib.