Maliyyə imkanlarımızı artıracaq qərar

15:22 08.01.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qızıl qlobal maliyyə sistemində uzun müddətdir etibarlı dəyər saxlayıcısı və risklərə qarşı qoruyucu aktiv kimi qəbul olunur. 2025-ci il qızıl bazarı üçün diqqətçəkən dövr hesab edilir və bu metal beynəlxalq bazarlarda qiymət artımı və investisiya marağı baxımından ön plana çıxır. Mövcud proseslər qızılın bahalaşmasının təsadüfi deyil, sistemli iqtisadi və maliyyə faktorları ilə bağlı olduğunu göstərir.

Dünya birjalarında qızılın qiyməti son günlərdə yenidən yüksəliş nümayiş etdirir. Son bir həftə ərzində qiymətlər ən yüksək səviyyələrdən birinə çatıb və hazırda qızılın bir troya unsiyası 4466 dollar civarında ticarət olunur. Bu göstərici bazarda təhlükəsiz aktivlərə tələbatın gücləndiyini və investorların risklərə daha həssas yanaşdığını ortaya qoyur.

Qeyd edək ki, ötən il dekabrın 26-da qızılın qiyməti 4549 dolları ötərək tarixi rekord həddə yüksəlib. Ümumilikdə, 2025-ci il ərzində qızılın qiymətində təxminən 64 faiz artım qeydə alınıb. Bu dinamika 1979-cu ildən bəri ən güclü illik artım tendensiyalarından biri kimi qiymətləndirilir və qızılın qlobal maliyyə bazarlarında strateji aktiv mövqeyini daha da möhkəmləndirir.

Qiymət artımının əsas səbəbləri sırasında ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasəti xüsusi yer tutur. FED rəsmilərinin faiz dərəcələrinin gələcəkdə endirilə biləcəyi ilə bağlı açıqlamaları bazar gözləntilərini dəyişir. Faizlərin aşağı düşməsi real gəlirləri zəiflədir və investorları alternativ dəyər saxlayıcılarına yönəldir. Bu şəraitdə qızıl faiz gəliri olmayan, lakin risklərə qarşı qoruyucu xüsusiyyətə malik aktiv kimi daha cəlbedici görünür.

Bununla yanaşı, qlobal geosiyasi mühit də qızıl bazarına ciddi təsir göstərir. Venesuelada müşahidə olunan gərginlik, Yaxın Şərq və digər riskli regionlarda siyasi qeyri-sabitlik beynəlxalq maliyyə bazarlarında narahatlığı artırır. Geosiyasi risklərin yüksəlməsi fonunda investorlar riskli aktivlərdən uzaqlaşaraq daha təhlükəsiz maliyyə alətlərinə üstünlük verir və bu proses qızılın qiymətinə əlavə dəstək yaradır.

Fiziki qızıl bazarında da eyni tendensiya hiss olunur. Zərgərlik sektorunda istehsal xərcləri yüksəlir, qızıl sikkə və külçələrə maraq artır. Xüsusilə Asiya bazarlarında, o cümlədən Çin və Hindistanda qızıl ənənəvi yığım və sərvət qoruma vasitəsi kimi aktiv şəkildə istifadə olunur. Bu regionlarda mədəni və mövsümi faktorlar fiziki tələbi yüksək səviyyədə saxlayır.

Mərkəzi bankların siyasəti də qızılın qiymət dinamikasında mühüm rol oynayır. Bir sıra ölkələr valyuta ehtiyatlarının şaxələndirilməsi məqsədilə qızılın payını artırır. Dollar asılılığının azaldılması, maliyyə təhlükəsizliyinin gücləndirilməsi və strateji ehtiyatların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir. Mərkəzi bankların bazara iri həcmdə daxil olması uzunmüddətli tələbi gücləndirir və qiymətlərin yüksək diapazonda qalmasına şərait yaradır.

2026-cı ilə dair gözləntilər də ümumilikdə müsbət xarakter daşıyır. Analitiklərin qiymətləndirmələrinə əsasən, yeni ildə qızılın qiymətində artım davam edəcək, lakin bu artımın tempi 2025-ci ildəki qədər kəskin olmayacaq. Proqnozlara görə, əlvan və nadir metallarda qiymət artımı orta hesabla 5–6 faiz səviyyəsində ola bilər. Qızıl üzrə artım tempinin isə bir qədər yüksək qalacağı ehtimal edilir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert  Xalid Kərimli bildirib ki, qızıl üzrə müxtəlif proqnozlar mövcuddur və onların əksəriyyəti 2026-cı ildə qiymətlərin təxminən 8–10 faiz artacağını göstərir. Onun sözlərinə görə, yeni ildə də qızıl qiymətlərinin yüksəlməsi ehtimalı qalır və bu proses yalnız iqtisadi amillərlə məhdudlaşmır. Hərbi, strateji və siyasi gərginliklər də bazarda əsas rol oynayır və qeyri-iqtisadi faktorlar qiymət artımını sürətləndirə bilər.

Ekspert vurğulayıb ki, tarixi təcrübə beynəlxalq gərginliklərin və münaqişələrin artdığı dövrlərdə qızılın qiymətinin yüksəldiyini açıq şəkildə göstərir. Eyni zamanda, dolların məzənnəsində mümkün zəifləmə ehtimalları da diqqət mərkəzindədir. Dolların ucuzlaşması qızıl üçün əlavə yüksəliş imkanı yarada bilər, lakin bu proses bazarda qısamüddətli korrektələr ehtimalını da istisna etmir.

Bununla yanaşı, alternativ ssenarilər də mövcuddur. Qlobal iqtisadi artımın sürətlənməsi, ABŞ-də monetar siyasətin yenidən sərtləşməsi və faiz dərəcələrinin artırılması qızıl qiymətlərinə təzyiq göstərə bilər. Belə halda bazarda qısamüddətli dalğalanmalar və enişlər mümkündür. Analitiklərin böyük əksəriyyəti hesab edir ki, mövcud qlobal risklər fonunda qızıl 2026-cı ildə də investor portfellərində mühüm yer tutmağa davam edəcək.

Xatırladaq ki, keçən il ərzində Azərbaycan qızıl ehtiyatlarını kifayət qədər artırıb ki, bu da ölkəmizin ümumi valyuta ehtiyatlarına mövcud dəyərdə ciddi müsbət təsir göstərib.