Manatın məzənnəsi sabit qalacaq - AKTUAL

10:53 08.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb. Statistikaya görə, artıq Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 969,2 milyon ABŞ dolları təşkil edir. Bu, noyabrın 1-i ilə müqayisədə 2,1 faiz çoxdur. Eyni zamanda, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 12,6 faiz, son 1 ildə isə 13,5 faiz artıb.

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda maliyyə naziri Samir Şərifov Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsinin möhkəmlənə biləcəyini deyib. Amma nazir vurğulayıb ki, manatın məzənnəsi möhkəmlənərsə, bu, bir sıra mənfi nəticələr doğuracaq. Xüsusilə ixracla məşğul olan şirkətlərin problemlə üzləşə biləcəyi proqnozlaşdırılır.

Maraqlıdır, görəsən, bu il qiymətlərin bahalaşması fonunda manatın möhkəmləndirilməsinə xərclənən vəsait nə qədər olub? Bu il manatın real məzənnəsi dollar ekvavalentində nə qədər təşkil edib? Gələn il manatı nə gözləyir? Yeni ildən üzən məzənnə rejiminin tətbiqi mümkündürmü?

Mövzunu qəzetimizə şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər hökümət manatın möhkəmləndirilməsi istiqamətində addımları dayandırarsa, dərhal milli valyutanın real məzənnəsi ortaya çıxacaq:

“Məlum məsələdir ki, Azərbaycan höküməti manatın məzənnəsinin sabit saxlanılması üçün hər il küllü miqdarda vəsait xərcləyir. Hesab edirəm ki, hökümət manatın saxlanılması üçün maliyyə bazarlarına yönləndirdiyi vəsaiti dayandırsa, ilkin olaraq 1 dollar Azərbaycanda təxminən 5-6 manat olar. Amma bu da son olmayacaq. Çünki Azərbaycanın daxilindəki məhsul, maddi nemətlər istehsalı azalacaq, xaricdən asılılıq artacaq, ona görə də daxildə dollara tələbat artdıqca, manatın da real məzənnəsi ucuzlaşaraq. Yəni, manat ucuzlaşa-ucuzlaşa gedəcək. O ki qaldı manatın saxlanılması üçün çəkilən xərclərə, bu istiqamətə hər ay təxminən 400-500 milyon dollar arası vəsait xərclənir. Məsələn, bu ilin oktyabr ayında manatın saxlanılmasına təxminən 460 milyon dollar vəsait sərf olunub. Noyabrda 380 milyon dollara yaxın vəsait xərclənib. Təbii ki, indiki halda manatın bu şəkildə möhkəmləndirilməsi yaxşı hal deyil. Bu makroiqtisadi göstəriciləri aşağı salır, istehsalı boğur, ölkə iqtisadiyyatının xarici amillərdən asılılığını gücləndirir. Təbii ki, bu üsuldan qısa bir mərhələ üçün istifadə etmək olar, amma bu proses təxminən əməliyyata yatırılan xəstənin süni tənəffüs aparatına qoşulması kimi bir dövrü əhatə etməlidir. Lakin uzun illərdir ki, hökumət bu istiqamətdə siyasətini dəyişmir, ölkə iqtisadiyyatı sanki süni nəfəs aparatında yaşayır”.

Azərbaycanın üzən məzənnə siyasətinə keçmə ehtimalına gəlincə, ekspert bildirib ki, bununla bağlı konkret fikir bildirmək çətindir: “Hökumət istəsə sabah da üzən məzənnəyə keçə bilər. Ya da gələn ay bununla bağlı qərar verə bilər. Amma hökumətin manatı sərbəst buraxacağı real görünmür. Proseslərin  gedişi onu göstərir ki, biz manatı sərbəst buraxmağa hazır deyilik. Hökümət gələn il də manatın möhkəmləndirilməsi istiqamətində addımlarını davam etdirəcək”.

Oxunma sayı 1762