Manatın məzənnəsi sabit saxlanılmalıdır - ÇAĞIRIŞ

16:14 10.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Manatın məzənnəsinin sabit saxlanılması ilk növbədə Dövlət Neft Fondunun hərracda valyuta satışı ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda əsas valyuta daxilolmaları mənbəyi neft ixracatıdır. Və neft ixracatına görə də ölkə iqtisadiyyatının həcminə görə böyük vəsaitlər məhz Neft Fondunda cəmləşir. Neft Fondu da hərrac vasitəsilə faktiki olaraq valyuta bazarına dollar çıxararaq valyutanın sabitliyini təmin edir. Sözsüz ki, burada böyük siyasi iradə var və valyutamız sabit saxlanılır”. Bu fikirləri hafta.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bu il valyuta bazarında o qədər də gərginlik hiss olunmur: “Hesablamalarıma görə, ilin sonuna 10 milyard dollardan az  Dövlət Neft Fondunun hərraca çıxardığı vəsait olacaq. Və bununla da valyuta bazarındakı sabitlik təmin edilmiş olacaq. Düşünürəm ki, bunun müəyyən problemləri olsa belə valyutamız sabit saxlanılmalıdır. Çünki valyutamızın sabit olmamasından irəli gələ bilən problemlər dəfələrlə daha çox ola bilər. Ona görə də milli valyutamız sabit və gözlənilən məzənnədə saxlanılmalıdır. Bunun üçün Azərbaycanda yaxın və ortamüddətli perespektivdə mövcud imkanlar var. Çünki ölkəyə daxil olan valyutanın həcmi xaric olan valyutanın həcmindən xeyli dərəcədə çoxdur. Xarici ticarətdə müsbət saldo var, pul bazasına nisbətdə Azərbaycanın suveren qızıl valyuta ehtiyatları təqribən 5 dəfə çoxdur. Ona görə də Mərkəzi Bank adekvat makroiqtisadi, o cümlədən pul-kredit  siyasəti ilə bağlı siyasət yeridərsə, yaxın və ortamüddətli perespektivdə Azərbaycanın milli valyutasının sabitliyi təmin edilə bilər”.

Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev jurnalistlərə açıqlamasında deyib ki, milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. “Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.