“Milli Məclisdə müzakirəyə çıxarılan media ilə bağlı yeni müddəaları məqbul hesab edirəm. Mətbuatın ən çox narazılıq etdiyi məqamlardan biri bu illər ərzində məlumatların sərbəst şəkildə əldə edilməsinə bəzi şəxslərin yaratdığı süni maneələr idi”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Sevinc Seyidova bildirib ki, bu dəyişikliklərdən sonra medianın sərbəst fəaliyyətinə maneə yaratmaq istəyənlər artıq iki dəfə düşünməli olacaqlar: “Son dəyişikliklərdə çap mediası və saytlarla bağlı tətbiq olunan vergi güzəştləri də mətbuatın iqtisadi dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Güclü sərbəst maliyyə qaynaqları media subyektlərinin müstəqil fəaliyyətinin əsas şərtlərindən biridir. Təbii ki, bu istiqamətdə atılan son addımlar media subyektlərinin maddi imkanlarının genişləndirilməsinə hesablanıb. Ümumiyyətlə, son bir neçə ildə dövlət tərəfindən mediaya göstərilən diqqət və qayğının əhatə dairəsi xeyli genişlənib. Buraya həm çap, həm də onlayn medianı aid edirik. Bu dəstək tək maddi yox, həm də jurnalistlərin peşəkarlığının artırılması, qanunvericilik paketinin təkmilləşdirilməsi, süni maneələrin aradan qaldırılması, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması və s. istiqamətlərdə özünü göstərir. Dövlətin də başlıca məqsədi ən qısa zamanda azad, peşəkar medianın formalaşdırılmasına nail olmaqdır”.