Bu gün pandemiya ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədində vəziyyət də gərgindir. Bu da ötən il olduğu kimi müharibə ehtimalını artırır. Eyni ötən ilki ssenari təkrarlana bilər. Bu da dərslərin dayandırılması ilə nəticələnə bilər. Düşünürəm ki, bütün bunları nəzərə aldıqda ən azı növbəti ilin yanvar ayına kimi dərslərin distant formada davam etdirilməsi gözləniləndir. Yanvar ayından etibarən isə biz ənənəvi təhsili bərpa edə bilərik.
Bunu hafta.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Onun sözlərinə görə, məktəblərin tam olaraq bərpasını istəyiriksə, izolyasiya qaydalarına riayət etməliyik: “Əyani tədrisin növbəli şəkildə həftədə 2-3 dəfə bərpa olunması problemdən çıxış yolu deyil. Biz məktəbləri tam bərpa etməliyik. Bunun üçün isə izolyasiya qaydalarına riayət etmək vacibdir. Bilirik ki, təhsil işçilərinin böyük hissəsi vaksin olunub. Yəni, vaksinasiya ilə bağlı problem yoxdur, sadəcə müəyyən qaydalara əməl etmək lazımdır, şagirdlər tək-tək oturmalı, qoruyucu maskalardan, dizinfeksiya məhlullarından düzgün istifadə istifadə edilməlidir. Eyni zamanda, valideynlərin də vaksinasiyası vacibdir. Məktəblərin yenidən açılması üçün yalnız çıxış yolu bunlardır”.