Məktəblərdə ənənəvi tədris hissə-hissə BƏRPA OLUNA BİLƏR

16:12 20.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Məktəblərin açılması mümkündür, mövcud vaksinasiya prosesi də bunu deməyə əsas verir. Sadəcə, hazırkı situasiyada dərslərin müxtəlif pillələri üzrə tədrisi hissə-hissə bərpa oluna bilər. Məsələn, ilk olaraq ibtidai siniflərin, daha sonra 5-9, ardınca 10-11-ci siniflərin və ali məktəb tələbələrinin əyani təhsilə başlaması mümkündür. Bu proses oktyabrın 1-nə kimi mərhələli şəkildə gedə bilər”.

Bunu hafta.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə, dərslərin əyani formada başlaması zərurətdir: “Biz ötən ilki təcrübəni yaşamamalıyıq. Məktəblərdə tədris əyani formada 10 gün bərpa olunub sonradan qapadılmamalıdır. Bu təhsilin vurulmasıdır. Eyni zamanda, vətəndaşlarımız büdcəsinə ziyandır. Valideynlər əyani təhsil bərpa olunur deyə məktəbli ləvazimatları, forma, çanta və s. alırlar. 10 gün şagird məktəbə gedir, sonra qapadılma ilə bağlı qərar verilir. Biz bu təcrübəni yeni tədris ilində yaşamamalıyıq, dərsləri əyani formada bərpa etməliyik. Dərslərin məsafədən təşkili təhsilin keyfiyyətinə də təsir göstərir. Biz bunu məktəblərdəki summativ qiymətləndirmələrdə, buraxılış imtahanlarında, qəbul imtahanlarında  gördük. Bu il nəticələr ürəkaçan olmadı. Bunun səbəbi əlbəttə ki, distant təhsildir. Ona görə ənənəvi təhsili bərpa etməliyik”.