Mən bu aksiyanı alqışlayıram – Arif Paşa

18:26 23.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif  Paşa hafta.az əməkdaşıyla söhbətində  artıq 11 gündən çoxdur ki,  Laçın-Şuşa-Xankəndi yolunda davam edən məlum etiraz aksiyası haqda düşüncələrini bölüşdü, həmçinin 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində səsləndirdiyi bəzi ziddiyyətli məqamlara münasibət bildirdi, bir sıra suallara aydınlıq gətirdi...

-Arif bəy, günlərdir Laçın-Şuşa-Xankəndi yolunda davam edən məlum etiraz aksiyası haqda düşüncələrinizi bilmək maraqlı olardı...  

-Birincisi, bunlar hamısı bizim xalqın ləyaqətindən doğan bir şeydir ki, biz çox loyal cəmiyyətik, yəni hər şeyin sülh yoluyla düzəlməsinə çalışırıq... Düşünürəm ki, Vətənin, Millətin taleyinə aid müsbət bir iş görüləndə, ona münasibət də müsbət olmalıdır, onu dəstəkləmək gərəkdir. Bilirsiz, bəzi məqamlara, bəzi işlərə sırf siyasi arşınla yanaşanda doğru nəticə alınmır. Yəni, tutaq ki, xalqın, dövlətin xeyrinə olan bir işi mənim xoşuma gəlməyən bir partiya görürsə, ona pis iş demək doğru deyil... Ümumiyyətlə, olaylara yalnız siyasi arşınla yanaşanda hər şey eybəcər görünür. Amma Vətənin, dövlətin, xalqın mənafeyi prizmasından yanaşanda hər şey daha aydın və çox vaxt da gözəl görünür... Bu gün  Laçın-Şuşa-Xankəndi yolunda soyuğun, küləyin, yağışın, şaxtanın, qarın, sazağın altında əl-ayaqları dona-dona, yarıac-yarıtox, yuxusuz qalan, eyni zamanda istər yaxınlıqdakı “sülhməramlı” Rusiya hərbçiləri, istərsə də o qədər də uzaqda olmayan erməni separatçıları, qanunsuz silahlı birləşmələri tərəfindən hər an təhlükəyə məruz qala bilən o fədakar insanlar səmimi qəlbdən inanırlar ki, Vətən, xalq, dövlət üçün, Qarabağda suverenliyimizin tam şəkildə bərpası üçün nəsə edirlər. Kimlərsə, Bakıda isti evdə, ofisdə rahatca oturub o aksiyanı Rusiya ilə, yaxud Britaniya ilə bağlaya bilər... Kim onların enerjisindən, potenisialından yararlanmağa çalışırsa, artıq bu, onun məsuliyyəti, günahıdır... Amma şəxsən mənim üçün və hesab edirəm ki, hər bir vətənpərvər, dövlətçi insan üçün öncə, dediyim kimi, oradakı insanların - xalqımın bir parçasının səmimi fədakarlığı, cəsarətidir... Odur ki, mən bu aksiyanı alqışlayıram... Və özüm də hər an həmin tədbirə yerindəcə dəstək verməyə hazıram... Lakin digər tərəfdən, - bəlkə də mən hərbçi kimi düşünürəm- taktiki baxımdan hesab edirəm ki, bu o qədər də doğru üslub deyil. Bəlkə də başqa yol seçilə bilərdi...

-Bu aksiya həm də 1988-1991-ci illəri xatırladırmı sizə? O illərdə də xalqımız xüsusən Laçın rayonu ərazisində erməni separatçıların Azərbaycan ərazisinə silah-sursat, canlı qüvvə daşınmasının qarşısını almaq üçün əlindən gələni edirdi. Belə hallarda yenə də o vaxtkı sovet-rus ordusu qarşımıza çıxırdı...

-Bəli, Xankəndi yolundakı artıq 11 gündür davam edən fədakar aksiya o dövrlərdəki mübarizəmizi də yada salır... O vaxt da biz Laçında dəfələrlə yolu kəsib Ermənistandan Qarabağa humanitar yardım,  tikinti materialları adı altında silah daşınmasına etiraz edirdik. Hətta bir neçə dəfə sovet-rus ordusu Laçında dinc sakinlərə atəş açmışdı, yaralananlarımız da olmuşdu... Yenə də bacardığımız qədər müqavimət göstərməkdən çəkinməmişdik... Amma bu gün, şükür Allaha, güclü ordumuz da, polisimiz də var... Hətta bu gün Xankəndindən həmin o Vardanyanın, yaxud Araikin qulağından tutub Bakıya gətirə biləcək xüsusi təyinatlı qruplarımız da var... Sadəcə,  tarix boyu başımıza nə qədər faciələr gəlsə də, hakimiyyətimizlə xalqımızla bir yerdə bir az sadəlöhlüyümüzdən əl çəkmirik. Elə düşünürük ki, biz qarşı tərəfə, ermənilərə, yaxud Rusiyaya, Avropaya, ABŞ-a xoş münasibət göstərsək,  dərhal qarşılığını görəcəyik... Əslində biz artıq dünyanın mövcud standartlarına uyğun yaşamalı, işləməli və siyasət yürütməliyik; əgər hansısa ölkə sənə qarşı sərtdirsə, sən də sərt olmalısan, sənə qarşı hiylə qurursa, sən də ona qarşı hiylə qurmalısan...

-Rusiya hərbçilərini sovet dövründən, Qarabağ münaqişəsinin ilk illərindən yaxşı tanıyan bir döyüşçü və siyasət adamı kimi bundan sonra aksiyanın davam edəcəyi halda “sülhməramlı”lardan hansı addımları gözləyirsiz?

-Onlardan hər şey gözləyirəm. Təxribata əl ata bilərlər...Ona görə də deyirəm ki, əgər Laçın-Şuşa-Xankəndin yolundakı soydaşlarımıza qarşı Rusiya hərbçiləri tərəfindən hər hansı bir provakasiya olsa, mən həmin bədməramlılara qarşı ən sərt addımların tərəfdarıyam. Və özüm də həmin addımların icrasında iştirak etməyə hazıram... Və hesab edirəm ki, indiki durumda xalqımız 44 günlük savaşda olduğu kimi, yenə də 10 milyonluq bütöv bir orqanizm kimi birləşməli və gücümüzü göstərməliyik. Hesab edirəm ki, Qarabağda hərbi əməliyyatlar yenilənməsə, real nəticə görməyəcəyik...

-Arif bəy, yəqin ki, Şuşa və Laçının işğalı zamanı briqada komandiri olmuş, lakin sizdən fərqli olaraq həmin rayonların işğalıyla bağlı hələ 1994-1995-ci illərdə və 2002-ci ildə keçirilmiş məhkəmələrdə yalnız şahid qismində ziddiyyətli ifadələr verməklə qurtulmuş general Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsinə baxmısız?

 -Bəli, dinləmişəm... Maraqlıdır, icazə verin, öncə mən sual verim, o müsahibə bir jurnalist kimi sizdə necə təəssürat oyatdı?

 -Düzü, həmin müsahibəni dinlədikdən sonra qəlbimdə xeyli şübhələr oyandı ki, bəlkə biz bu 30 ildən çox müddətdə Elbrus Orucov haqqında səhv düşünmüşük, səhv yazmışıq. Bəlkə o doğrudan da Şuşa və Laçının düşməndən müdafiəsi üçün əlindən gələni edib, özü şəxsən müxtəlif mövqelərdə ermənilərlə qarşı-qarşıya savaşıb... Və sadəcə, müstəqil dövlətçiliyin yenicə qurulduğu ölkədəki mürəkkəb hərbi-siyasi durum səbəbindən, vahid komandanlığın olmaması səbəbindən həmin rayonlar işğal edilib...  Bəs siz bir hərbçi kimi hansı nəticəyə gəldiniz? 1990-cı illərdən bəri beyninizdəki Elbrus Orucov obrazında dəyişiklik olmadı ki? Və yaxud onunla yenidən polemikaya girmək arzunuz yaranmadı ki?

 -Xeyr. Onun haqqında təsəvvürüm zərrə qədər dəyişmədi... Onunla üzbəüz müzakirəyə gəldikdə... Sadəcə, onu deyə bilərəm ki, Elbrus Orucovun danışdıqlarının hamısı yalandır.

 -Yəni deyirsiz ki, Elbrus Orucov özünün iddia etdiyinin əksinə olaraq Şuşa və Laçının müdafiəsi üçün heç bir iş görməyib? Şuşada, Kosalarda, Şırlanda erməni terrorçularıyla üzbəüz döyüşməyib?

 -Yalnız bir faktı demək kifayətdir ki, Elbrus Orucovun Laçına, Şuşaya gedişinin əsl məqsədi aşkar olsun. Bu “briqada komandiri”, “Şuşanın komendantı”nın 3 saat öncədən məlumatlı olub ki, şəhərə hücum olacaq.  Və orada olub müdafiəni təşkil etmək əvəzinə, Şuşaya hücum başlanandan 15 dəqiqə sonra minaatanları da götürüb şəhərdən 15-20 km məsafədə olan Kosalar kəndinə yollanıb... Hələ Şuşanın işğalı ərəfəsində isə yüzlərlə hərbçiyə ezamiyyət vərəqəsi verməsindən danışmırıq... Bilirsiz, nə qədər çalışsaq da, Elbrusa bəraət verməyə əsas yoxdur...

Siyasət rubrikasından digər xəbərlər