Məsud Bərzani 6 ildən sonra Bağdada gedir

10:15 03.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzaninin 6 illik fasilədən sonra bu gün (çərşənbə günü) Bağdada səfəri gözlənilir. Bu səfər İraq Kürd Regional Rəhbərliyi (KRG) ilə federal hökumət arasında münasibətlərin müsbət istiqamətdə irəlilədiyinin göstəricisidir.

Hafta.az-ın yazdığına görə, kürd mənbələr, “Bərzani iki tərəf arasında mövcud problemlərə yekun həll yolu tapmaq üçün çərşənbə günü əksər siyasi liderlərlə bir sıra görüşlər və danışıqlar aparmaq üçün Bağdada gələcək” deyib. Mənbələr, “Bağdadla Ərbil arasındakı fikir ayrılığının əsası bölgənin maliyyə ayırmaları, işçilərinin maaşları, neft və qaz qanunları, seçki sənədləri, hətta Kərkük vilayətinə münasibət də daxil olmaqla bir çox mövzudadır" deyib.

Mənbələr iddia edib ki, Bərzaninin Bağdaddakı görüşlərində Sincar bölgəsindəki vəziyyət, həmçinin Türkiyə ordusunun Duhok vilayəti və digər kürd şəhərlərinə qarşı son əməliyyatı, silahlı qrupların Ərbildə mümkün hücumları müzakirə olunacaq.

Bərzaninin səfərinə hazırlıq məqsədilə dünən IKBY-dən bir heyət Bağdada gəlib. Nümayəndə heyətinə daxili işlər naziri Reber Əhməd, maliyyə və iqtisadiyyat naziri Avat Şeyh Cənab, gömrük və sərhəd qapılarının baş direktoru daxildir.