Yaz-yay həm də meyvə bolluğunun olduğu mövsümdür. Qışın sona çatmasını gözləyib, tezliklə gen-bol meyvə dadmağı gözləyənlərin ümidləri yenə puç olmaq üzrədir. Çünki meyvə bazarında qiymətlər yenə də alışıb yanır. Bu gün bir neçə pərakəntə meyvə satışı həyata keçirən ərazilərdə olduq. Bir sıra meyvələrin qiyməti ilə maraqlananda, həqiqətən də bu qiymətləri görüb iştaha vurulur.
Meyə bazarında faktiki qiymətlər belədir:
“Qızıl əhmədi” almasını 5-6 AZN( 1kq)
Digər növ almalar 2,50- 2.70 AZN
Armud- 4.50 AZN
Heyva - 4 AZN
Kivi - 4 AZN
Alça - 5-15 AZN
Çiyələk - 5 AZN
Xatırladaq ki, keçən ilin yaz mövsümündə iqtisadçı və kənd təsərrüfatı ekspertləri proqnozlaşdırırdılar ki, meyvə bazarındakı əlçatmaz qiymətlər iyun-iyul aylarında normallaşacaq, hətta ucuzlaşacaq. Lakin bu proqnoz özünü doğrultmadı. Yerli bazar məhsulları ilə, xaricdən idxal olunan məhsulların qiymətləri eyniləşdirildi. Demək olar ki, çox cüzi fərqlər müşahidə olundu və qiymətlər ucuzlaşmadı.
Bu ucuzlaşmamanı isə ekspertlər hava şəraiti ilə əlaqələndirdilər. Ölkədə, o cümlədən dünyada iqlim şəraitində dəyişiklik baş verdiyini, quraqlıq şəraitinin uzunmüddətli davam etməsi kimi xarakterizə etdilər. Qeyd edə bilərik ki, 2018-2020-ci illər yağışlı hava ilə müşahidə olunmuşdu.
Maraqlıdır bəs bu il vəziyyət yenə təkrarlana bilərmi, meyvə bazarındakı mövcud vəziyyət necə dəyişəcək?
Mövzu ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov dedi ki, meyvənin ucuzlaşacağı və bahalaşacağı haqqında öncədən proqnoz vermək çox çətindir:
"Azərbaycanda alıcılıq qabiliyyəti çox aşağıdır. Düzdür, vətəndaşlar 190 manat yardım əldə etsələr də bu hələ ki, vəziyyəti dəyişmir. Pandemiya ilə əlaqədar olaraq insanlar maliyyə resurslarına qənaət etməyə başlayıblar. Bu il meyvənin, tərəvəzin artması, azalması hələ demək olmur. Qarşıda havanın necə keçəcəyi haqqında məlumatımız yoxdur. Ola bilsin yağışlar yağaqsa bu istehsala təsir edər. Adətən intensiv yağan yağış məhsula ciddi təsir edir. Tez-tez olur ki, bəzi dağlıq rayonlarda dolu da düşür. Ümümiyyətlə bu il, əvvəlki illərdən fərqli olaraq dünya bazarında da meyvənin qiymətində artım müşahidə olunub. Pandemiya dünya bazarına çox ciddi təsir edir. Azərbaycan meyvə istehsal edən ölkədir. İnfiliyasiya meyvə bazarına 10 faiz təsir edib. Digər ölkələrdə isə bu daha yüksəkdir. Eləcə də digər meyvə istehsal edən ölkələrin logistikasında problem yaranıb. Avropa ölkələri imiqrant fəhlələrin əməyindən istifadə edirdilər. Ondan məhrum olublar. Avropa ölkələri həyəcan təbili çalırlar ki, aqrar sahədə bu il bahalaşma olacaq. Bu kimi səbəblərdən elə meyvə qiymətləri düşmür. Bu il Azərbaycanda idxal da artıb, idxal qiymətləri də. Yaxın zamanlar üçün ucuzlaşma hələ görünən deyil".