Minaya düşənlər beynəlxalq məhkəmələrə müraciət etməlidir - Müzakirə

15:59 29.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən Müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan mina təhlükəsi ilə üz-üzə qalıb. Hərbi əməliyyatların yekunlaşmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini Azərbaycana verməkdə maraqlı görünmür. Nəticədə isə həm həmin ərazilərdə xidmət keçən hərbi qulluqçuların, həm də bu ərazilərə səfər edən dinc sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaranır. Müharibə başa çatandan sonra 100-dən çox vətəndaşımızın məhz ermənilərin basdırdıqları minaya düşərək həyat və sağlamlıqlarını itirmələri isə buna əyani sübutdur.

Bəs görəsən, minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməməsi Ermənistan üçün hansı hüquqi məsulliyyət yaradır? Mina partlayışı nəticəsində zərərçəkən dinc sakinlər beynəlxalq məhkəmələrə Ermənistandan şikayət edə bilərlərmi? Bu şikayətlərin hansı effekti ola bilər?

Mövzunu hafta.az-a şərh edən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, işğaldan azad edilmiş ərazilərimiz uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanıb:

“Əslində sülh sazişi imzalanandan sonra beynəlxalq qanuna görə, minalanan ərazinin xəritəsi qarşı tərəfə təqdim edilməlidir. Ermənistan isə hazırda bunun əksini edir. Onlar minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir və humanitar hüququn normalarını, eyni zamanda, Minalar Əleyhinə Konvensiyanın normalarını pozur. Buna görə də Ermənistan hüquqi məsuliyyət daşıyır. Çox təəssüf ki, nədənsə, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı susurlar, hesabatlarında bununla bağlı hər hansı məlumata rast gəlmirik. Ermənilərə aidiyyəti olmayan mədəni sərvətlərlə bağlı məsələlərdə beynəlxalq təşkilatlar çox həvəslə cəfəng fikirlər söyləyirlər. Eyni zamanda, müharibədən sonra diversiya hərəkətlərinə yol vermiş şəxsləri “əsir” kimi təqdim etməklə onların Ermənistana qaytarılması kimi mənasız bəyanatlar səsləndirirlər.

Bu, beynəlxalq təşkilatların ikili standartlarının növbəti nümunələrindən biridir. Digər tərəfdən, Rusiya sülhü təmin edən dövlət kimi minaların xəritəsinin Azərbaycana təqdim edilməsi ilə bağlı məsələlərdə də yaxından iştirak etməlidir. Haaqa Konvensiyasına görə, müharibə başa çatandan sonra tərəflər bir-birinə minalanmış ərazilərlə bağlı xəritələri təqdim etməyə borcludurlar. Əgər bu öhdəlik yerinə yetirilmirsə, buna görə məsuliyyət də mövcuddur”.

Ekspert hesab edir ki, mina partlayışı nəticəsində zərər çəkən dinc sakinlər beynəlxalq məhkəmələrə Ermənistandan şikayət etməlidirlər: “Həyatdan məhrum etmə ilə bağlı olaraq Avropa Konvensiyasının pozulması ilə əlaqədar həmin minaya düşən şəxslər heç şübhəsiz ki, Avrova Məhkəməsinə müraciət edə bilərlər. Erməni faşistlərinin qeyri-qanuni hərəkətlərinin nəticəsində ərazilərin minalanması və xəritələrin verilməməsi nəticəsində xeyli sayda vətəndaşımız həyat və sağlamlığını itirib. Eyni zamanda, Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək bununla bağlı tələb edə bilər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etsin. Bildiyim qədər bununla bağlı bir dəfə müraciət olunub, hazırda yenə də müraciətlər hazırlanır.

Başqa bir tərəfdən daxili qanunvericiliklə həmin ərazilərə icazəsiz daxil olmaq qadağandır. Həmin ərazilərə qeyri-qanuni daxil olmaq İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət yaradır. Vətəndaşlarımız hələ ki, həmin ərazilərə getməkdən çəkinməlidirlər. Çox təəssüf ki, bəzi insanlar tələskənlik nümayiş etdirir. Başa düşürəm, uzun müddətdən sonra doğma torpaqlar geri qayıdıb, çoxlarının doğmalarının məzarı həmin ərazilərdədir. Bütün bunlara baxmayaraq, həmin ərazilərə qanunsuz getmək istəyənlər başa düşməlidirlər ki, bu addımlar onlar üçün təhlükə yarada bilər".

Elə bu yaxınlarda Rusiya sülhməramlılarının iki hərbi qulluqçusu mina partlaması nəticəsində yaralandı. Axı, bu onların özləri üçün də təhlükəlidir.

O bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi humanitar hüquq normalarına ziddir:

“Ottava Konvensiyasına əsasən piyadalar əleyhinə mina qadağan edilib və bunun beynəlxalq konvensiya ilə qadağan olunması dövlətlər qarşısında bir sıra öhdəliklər qoyur. Bu minalar Ermənistan tərəfində deyil, Azərbaycan ərazilərində basdırılıb. Ona görə də Ermənistan konfliktin tərəfi, həmçinin işğalçı tərəf olduğuna görə birbaşa məsuliyyət daşıyır. Elə bu yaxınlarda Rusiya sülhməramlılarının iki hərbi qulluqçusu mina partlaması nəticəsində yaralandı. Axı, bu onların özləri üçün də təhlükəlidir.

Heç olmasa bunu anlasınlar. Onların üzərinə düşən əsas məsələlərdən biri də bundan ibarətdir ki, humanitar hüquqdan irəli gələn vəzifələri yerinə yetirsinlər. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərin yerinə yetirilməsində sadiqlik nümayiş etdirib. Buna görə də beynəlxalq güclər, böyük dövlətlər buna dərhal reaksiya verməlidirlər. Bu, müharibə cinayətidir. Məsələnin həm hərbi-siyasi, hüquqi, həm də mənəvi məsuliyyəti var. Ona görə də Ermənistan minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı məcbur edilməlidir. Digər tərəfdən, araşdırmaq lazımdır ki, bu minaları Ermənistana kimlər verib, həm də separatçı bir ölkəyə satıblar. Əks halda hesab edirəm ki, Azərbaycan bütövlükdə antiterror əməliyyatına başlamalıdır və bilavasitə xəritələrin, eyni zamanda, bu istiqamətdə fəaliyyətdə olan şəxslər məsuliyyətə cəlb edilməlidir. Arayik, o cümlədən separatçı rejimin bütün rəhbərliyi həbs olunmalıdır. Bu zaman sülhməramlılara da ehtiyac qalmayacaq. Onlar bu işin öhdəsindən gələ bilmədilər. Həmin şəxsləri həbs etmək lazımdır ki, xəritələrin harda olub-olmadığını aydınlaşdıra bilək”.