Minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq - Millət vəkili

17:20 06.01.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Prezident İlham Əliyevin imzaladığı son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir. Bu sərəncamla minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq". Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, minimum əmək haqqı artımı 700 min vətəndaşa şamil ediləcək: "700 min vətəndaşımızı əhat edəcək minimum əmək haqqındakı artım üçünsə dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu həm də o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz".

Millət vəkili həmçinin vurğulayıb ki, Prezidentin imzaladığı müvafiq sərəncamla Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçib: "Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq. Son sərəncam bir daha təsdiq edir ki, 2023-cü ildə də sosial təminat məsələləri hökumət üçün prioritet olacaq və bu istiqamətdə artımlar il ərzində də davam etdiriləcək".