Minimum əmək haqqının artmasının özəl sektora birbaşa təsiri olacaq - Ekspert

17:15 06.01.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Minimum əmək haqqının, minimum pensiyanın artırılması olduqca yaxşı addımdır. Çünki nəzərə alsaq ki, 2022-ci ildə imflyasiya həddindən artıq yüksək olub və 2021-ci ildə də yüksək inflyasiya müşahidə olunub. Son illər inflyasiya əhalinin gəlirlərini “yeyirdi”. Baxmayaq ki, hökumət ötən il də minimum pensiyanı, minimum əmək haqqını və dövlət büdcəsindən maliyyələşən şəxslərin əmək haqqısını artırmışdı. Amma inflyasiya bu addımların hamısını hədər edirdi”. Bunu hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bu ilin yanvarın 1-dən ölkədə minimum əmək haqqının və minimum pensiyanın artmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hökumət müvafiq artımlara getməklə inflyasiyanın təsirlərini azaltmağa çalışır: “Düzdür, inflyasiyanın qarşısını almaq hökumətin imkanları xaricindədir. Ona görə də ən azından minimum həddə əmək haqqı alan şəxslərin əmək haqqını artırmaqla onların həyat şəraitini minimum səviyyədə təmin etməyə çalışır. Bu addımı olduqca müsbət qiymətləndirirəm. Nəzərə alsaq ki, aşağı əmək haqqı alanların xərcləmələri də ölkə daxilində olacaq. Bu xərcləmələr ölkədə iqtisadi, işgüzar aktivliyi artıracaq. Dolayısı ilə özəl sektor da bundan faydalanacaq. Çünki həmin əmək haqqı, pensiya alan şəxslər iqtisadiyyatda istehlakçıdırlar və özəl sektorun müştəriləridir. Bundan başqa, minimum əmək haqqının artmasının özəl sektora birbaşa təsiri olacaq. Belə ki, minimum əmək haqqının artırılması təkcə dövlət sektorunda deyil, özəl sektorda əməkn haqlarının artırılmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, həqiqətən də özəl sektorda 345 manatdan aşağı əmək haqqı alan insanlar var idi. Artıq onların da əmək haqqı məcburi şəkildə 345 manatın üzərində olmalıdır. Eyni zamanda, əmək haqqının dərəcələnmə sistemi var. Tutaq ki, 300 manat alan şəxsin maaşı 345-350 manata çatdırılacaqsa, 350 manat alan şəxsin əmək haqqı da 400 manata çatdırılacaq. Yəni, minimum əmək haqqı artımı nisbətən yuxarı əmək haqqı alanların məvacibinə də təsir göstərəcək. Başqa sözlə, minimum əmək haqqının artırılması təkcə ən aşağı həddə olan əmək haqlarının artırılmasına deyil, orta və yüksək əmək haqlarının da müəyyən dərəcədə artmasına gətirib çıxaracaq”.