Bu model mümkün sosial adaptasiya problemlərinin qarşısının alınmasına xidmət edə bilər”
“İran-ABŞ-İsrail müharibəsi bölgə və ümumilikdə region üçün olduqca təhlükəli, çoxsaylı təhlükəsizlik təhdidləri yaradan bir qarşıdurmadır. Burada əsas risklərdən biri müharibənin eskalasiya ehtimalı, coğrafiyasının genişlənməsi və digər region ölkələrini də prosesə cəlb etməsi ilə bağlıdır. Digər tərəfdən, mümkün humanitar fəlakət region dövlətlərini əlavə sosial və iqtisadi problemlərlə üz-üzə qoya bilər”.
Bu fikirləri Hafta.az-a sosioloq Üzeyir Şəfiyev İran-ABŞ müharibəsi fonunda miqrasiya axını, Azərbaycan cəmiyyətinin sosial-psixoloji mühitinə təsirləri ilə bağlı açıqlamasında qeyd edib.
Ü.Şəfiyev qeyd edib ki, İranda milyonlarla azərbaycanlı soydaşımızın yaşadığı nəzərə alınmalıdır:
"Təbii ki, hər hansı böhran vəziyyətində onlara humanitar dəstək göstərmək mənəvi borcumuzdur. Lakin humanitar məsuliyyətlə yanaşı, hər bir dövlət kimi Azərbaycanın da əsas vəzifəsi öz milli təhlükəsizliyini, dövlət maraqlarını və vətəndaşlarının təhlükəsizliyini qorumaqdır”.
Ü.Şəfiyev mövcud vəziyyəti qiymətləndirərək bu müharibənin uzunmüddətli hərbi əməliyyatlar üçün nəzərdə tutulmadığını qeyd edib:
“Müharibə daha çox nöqtəvi zərbələr, konkret hədəflərin sıradan çıxarılması, İranın hərbi potensialının – xüsusilə uzaqmənzilli raket və nüvə proqramı istiqamətində – məhdudlaşdırılması məqsədi güdülür. Eyni zamanda, İranın regionda proksi qüvvələr vasitəsilə təsir imkanlarının zəiflədilməsi və siyasi davranışının dəyişdirilməsi strategiyası ön plandadır. Bu kontekstdə həm hərbi-strateji, həm də geosiyasi və iqtisadi maraqların təmin olunmasından söhbət gedir”.
Ü.Şəfiyevin qənatəinə görə, qısamüddətli xarakter daşıya bilər və bu baxımdan böyük miqrant axını ehtimalı yüksək görünmür. Lakin belə bir ssenari baş verərsə, Azərbaycan digər ölkələrin, xüsusilə də Türkiyənin təcrübəsindən yararlana bilər:
“Türkiyənin Suria qaçqınları ilə bağlı tətbiq etdiyi model – ayrıca yerləşmə məntəqələrinin yaradılması – həm təhlükəsizlik, həm də sosial sabitlik baxımından müəyyən nəticələr verdi. Eyni yanaşma Azərbaycanda da nəzərdən keçirilə bilər: müvəqqəti miqrant şəhərciklərinin və ya çadır düşərgələrinin yaradılması, humanitar təminatın – təhsil, səhiyyə və sosial xidmətlərin – həmin məkanlarda təşkil olunması mümkündür. Bu model həm humanitar öhdəliklərin yerinə yetirilməsinə, həm də yerli əhali ilə mümkün sosial adaptasiya problemlərinin qarşısının alınmasına xidmət edə bilər. Çünki kütləvi inteqrasiya sosial norma, həyat tərzi və hüquqi mühit fərqləri səbəbindən əlavə çətinliklər və gərginliklər yarada bilər. Dövlət üçün prioritet məsələ vətəndaşların təhlükəsizliyi və ictimai sabitliyin qorunmasıdır. Hesab edirəm ki, bu kimi ssenarilər dövlət tərəfindən əvvəlcədən proqnozlaşdırılıb və müvafiq yol xəritələri hazırlanıb. Humanitar məsuliyyətlə milli təhlükəsizlik maraqları arasında balansın qorunması əsas prinsip kimi götürülməlidir”.
Tahirə Qafarlı