“Mir” kartı hansı ölkələrdə hələ də istifadə olunur?

09:17 06.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrdə Rusiyanın Milli Ödəniş Kart Sistemi “Mir” kartından istifadədə problemlər yaranmağa başlayıb.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, “Mir” kartı Belarus, Kuba, Vyetnam, Venesuela və Tacikistanda, eləcə də separatçı Cənubi Osetiya və Abxaziya  bölgələrində problemsiz istifadə olunmağa davam edir.

Qırğızıstanda “Elkart” və Ermənistanda “ArCa” ödəniş sistemlərinin aprel ayından etibarən Rusiyanın milli kart ödəniş sistemi ilə işləmədiyi bildirilir.

Qazaxıstanın aparıcı ödəniş sistemləri və bankları da eyni qərarı qəbul ediblər.

Bu qərarlar ABŞ-ın fevralın 23-də Rusiyanın “Mir” kartına tətbiq etdiyi yeni sanksiyalardan sonra qəbul edilib.

“Mir” kartı bu ilin əvvəlində Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Venesuela, Vyetnam və Kubada istifadə olunub.

Bu gün “Mir” kartı Ermənistanda VTB Ermənistan vasitəsilə, Qazaxıstanda isə məhdud şəkildə istifadə oluna bilər.