Misir müftisindən dünyaya çağırış: dini simvollara edilən təhqir cinayət sayılsın

11:10 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin Fətva Təşkilatı "Darul İfta" bütün dünyada ictimai sülhü qorumaq üçün peyğəmbərlərə, dinlərə, müqəddəs və dini simvollara qarşı təhqirləri cinayət hesab edən beynəlxalq qanunun qəbul edilməsi çağırışını təkrarlayıb.

Hafta.az-ın yazdığına görə, Misir müftisi Dr. Şövqi Əllam Danimarkanın paytaxtı Kopenhagendə bir qrup ekstremist tərəfindən Qurani-Kərimin nüsxəsinin yandırılmasını ən sərt şəkildə pisləyib.

Misir müftisi açıqlamasında “Bu cür cinayətlər və məsuliyyətsiz sui-istifadələr nifrət yaradır, nifaq salır və islamofobiya təzahürlərini əks etdirir. Bu vəziyyət belə sui-istifadələrə, fitnə zəhərini hərəkətə keçirəcək, nifrət yayan hər şeyə qarşı beynəlxalq ictimaiyyətin, onun bütün qurum və təşkilatlarının müdaxiləsini zəruri edir” deyib.

"Bu açıq-aşkar təhqirdir və bütün dünyada milyard yarımdan çox müsəlmanın hisslərinə açıq meydan oxuyur", - Əllam bildirib. O, nifaq və nifrət yaymaqdan, sivilizasiyalar və mədəniyyətlər arasında uçurumu genişləndirməkdən, müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nifrətin yayılmasından başqa məqsədi olmayan bu və buna bənzər sui-istifadə hallarının aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Əl-Əzhər Universiteti də ötən bazar ertəsi yaydığı bəyanatda bildirilib ki, terrorizm və başqalarının hisslərini təhrik etmək bir medalın iki üzüdür, təhlükə, nifrət və məhv müstəvisində bərabərdir. Bu gün dünya müdrik və dini liderləri tərəfindən qurulan dialoq körpülərini qırmaq üçün açıq-aşkar düşmənçilik istəyinin və bu cinayətləri törədənlərin şüurunun insanlıqdan kənarlaşdırılmasının şahidi olur.

Əl-Əzhər beynəlxalq ictimaiyyəti “ifadə azadlığı terminindən sui-istifadə xaosunu” aradan qaldırmaqda səyləri gücləndirməyə çağırıb.