MKİ şefi İrəvanda Zəngəzur dəhlizini də müzakirə edib - TOFİQ ZÜLFÜQAROV

18:10 22.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın Ukraynaya təcavüzündən sonra artıq Rusiya-Qərb qarşıdurmasının ilkin nəticələri ortalıqdadır. Bəllidir ki, Rusiya-Qərb iqtisadi əlaqələri addımbaaddım tamamilə azalacaqdır”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov regionda  baş verən son hadisə və prosesləri şərh edən söyləyib.

“Yaxın gələcəkdə Kremlə qarşı iqtisadi sanksiyaların aradan götürüləcəyi də gözlənilmir.  O baxımdan Rusiya daha çox cənub və şərq istiqamətinə önəm və diqqət verməyə başlayıb.  Cənub istiqamətinə Türkiyə, İran və coğrafi baxımdan bəlkə də gələcəkdə Hindistan və digərləri, şərq istiqamətinə isə Çin daxildir. Bu baxımdan Suriya problemi üçün yaradılmış Astana üçlüyünün bu dəfəki görüşü əsasən yeni şəraitdə Rusiya, Türkiyə və İran əlaqələrinin bu və ya digər şəkildə inkişaf yollarının müzakirəsi kimi görsəndi. Bu mənada Azərbaycanın da bu məsələlərdə rolu artmaqdadır.

İkincisi, bəllidir ki, Ukrayna müharibəsinin nəticələrindən biri də ondan ibarət oldu ki, Rusiya üçün qaz ixracı məsələsi artıq siyasi məsələyə dönüb. Və bu mənada Azərbaycanın TAP layihəsi artıq hesab edirəm ki, aktuallaşıb. Baş verən hadisələr də onu göstərdi ki,  Qərb də bu məsələlərə maraq göstərməkdədir”- açıqlamasının davamında bunları diqqətə çatdıran politoloq  Amerika kəşfiyyat şefinin İrəvana son səfərinə də toxunub.

“Azərbaycana gəldikdə, bəlkə də onu da qeyd etmək yerinə düşər ki,  Zəngəzurdan gələcəkdə keçəcək dəmiryol bağlantısı Rusiyanın Türkiyə və İranla da dəmiryol bağlantısının aktuallığını artırır. Hesab edirəm ki, ABŞ MKİ rəhbərinin son səfərində bu məsələ də müzakirə olunub.  Çünki artıq Rusiya siyasətində cənub istiqamətinə çıxış məsələsi aktuallaşır. Baxaq, görək hadisələr necə cərəyan edəcək. Amma  Türkiyə və İranın siyasətində anti-qərb elementləri, təbii ki, hər iki dövlətin bəzi məqamlarda Rusiya ilə daha sıx yaxınlaşmasına gətirib çıxara bilər. Bu, bir ehtimal kimi istisna olunmur” -deyə sabiq xarici işlər naziri vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər