Azərbaycan Ordusu iki il öncə cəmi 44 gün sürən əks-hərbi əməliyyatlarla 30 il Ermənistanın işğalında qalmış torpaqlarımızı azad edəndən bəri İran hakimiyyəti ölkəmizə qarşı qərəzini açıq şəkildə göstərir. Hətta göstərir nədir, dəfələrlə hərbi təlim adı altında Azərbaycana qarşı əsl düşmən sifətini üzə çıxarıb. Bu günlərdə isə İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə İran–Türkiyə münasibətlərinin inkişafı, o cümlədən, Azərbaycan d daxil olmaqla, üçtərəfli formatda görüşün keçirilməsi zərurətindən söz açıb. Təbii ki, bu formatda görüşlər əvvəllər də davam edirdi, amma 44 günlük müharibədən sonra İranın iç üzü tam gözlər önünə çıxdıqdan sonra, münasibətlərin axarı kəskin dəyişdi.
Vaxtında verilən qərar
Təbii ki, fars dövlətinin yersiz və mənasız davranışı Azərbaycanı qətiyyən qorxutmadı, əksinə, müstəqillik illəri boyunca Tehranın xətrinə dəyməmək üçün göstərdiyi sakit, loyal xarici siyasətini silkələdi. Fars dövləti Ermənistanı qorumaq adı altında Azərbaycan–Türkiyə birliyini gücləndirəcək, məsələn, Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmaqla, canı-canlarından, qanı-qanlarından olan xristian erməni qardaşlarının yanında olduqlarını sübut etmək üçün sərhədimizin o tayında konsulluq açan İrana ən tutarlı cavabı vaxtında və yerində Prezident İlham Əliyev verdi – İsraildə Azərbaycan Səfirliyi açıldı. Bundan daha əvvəl isə İsrail şirkətləri Azərbaycanın ermənilərin işğalından azad edilmiş torpaqlarda böyük tikinti-quruculuq işlərinə cəlb olunduğunu isə ən azından, İranda hər kəs çox yaxşı bilir. Ümumiyyətlə, müstəqilliyini bərpa etdiyi ilk gündən bəri Azərbaycanın azad və suverin olmasına qarşı siyasət yürütmüş və bu siyasətini fərqli ruhanilərin, hətta zaman-zaman generallarının diliylə mesaj göndərən İran son anadək dirəndi, amma Azərbaycan məhz Türkiyənin ciddi dəstəyi ilə onların məkrli siyasətini iflasa uğrada bildi.
Xamenei öz kimliyinə qarşıdır
Bu gün İranda molla rejimi üçün çətin bir dilemma var. Bütün dünyada İslamı və müsəlmanları “dəstəklədiyini” və İmam Mehdinin “qayıdışına hazırlıq” uğrunda mübarizədə şiələrə rəhbərlik etdiyini bildirən İran rejimi son 30 ildir xristian Ermənistan dövləti ilə birlikdə şiələrə qarşı mübarizə aparıb və bu mübarizə indi də davam edir. Bəli, iranlıların öz təbirlərincə desək, əhalisinin çoxu şiə olan azərbaycana qarşı İran-Ermənistan ittifaqı üç onillikdir mübarizə, hətta müharibə aparır, bu müddətdə üst-üstə 40 min şiə azərbaycanlını qətlə yetiriblər.
Maraqlıdır, hər üç iranlıdan birinin məhz Azərbaycan türkü olduğu, hətta dini rəhbər Əli Xamneinin özünün də azərbaycanlı olduğu İranda hakimiyyət niyə məhz düşmən tərəfi – Ermənistanı dəstəkləyir? Hesab edirəm ki, bunun ilk əsas səbəbi istər Azərbaycan Respublikasında yaşayan, istərsə də İrandakı azərbaycanlıların şiə olmalarına baxmayaraq, sünni Türkiyə ilə qardaşlıq nümayiş etdirməsidir. Hətta düzgün seçimdir. Azərbaycan türkləri və ümumiyyətlə, türk milləti tarixən dini inancların əsarətində deyil, döyüş meydanlarında, at belində igidlik göstərməklə yaşamağa öyrəşib. Türk milləti üçün bütün hallarda din ikinci dərəcəlidir, ilk və əsas olan amil isə milli mənsubiyyət, yəni türk kimliyidir.
Xameneinin Azərbaycan türkü olmasına gəlincə, bu adamın Azərbaycan dilinin ikinci rəsmi dil olmasına, təhsil və mədəniyyətə inteqrasiyasına dəstək verməməyi bir yana, heç özü ondan ictimai yerlərdə istifadə etmir. Üstəlik, kürdlər, türkmənlər, ərəblər və digər azlıqlar kimi Güney Azərbaycan türklərinin dilini tanımır, adət-ənənələrini rədd edir və sair. Onun üçün yeganə tələb budur: hamı şiə olmalıdır, vəssalam.
Sünnilərə qarşı şiə silahı
İran həmişə müstəqil Azərbaycan Respublikasına itirilmiş ərazi kimi baxıb və ya “İranın bir hissəsi olmalı, ya da ən azından onun təsir dairəsində qalmalıdır” kimi yanaşıb. Bu gün bir çox yüksəkçinli İran siyasətçisi belə hesab edir ki, Azərbaycanın “şiə xalqı” İranla bir olmaq istəyir, amma “israilpərəst iqtidarı” buna imkan vermir. Hansı ki, bu, sadəcə, Orta əsrlər səviyyəsində düşünən cahil fanatlarının özünətəskinliyidir.
Bu yerdə bir məqama diqqət çəkim ki, İran heç bir yerdə müsəlmanları müdafiə etməyib və etmir də. Xəritə üzərində İranın təsir göstərmək istədiyi dövlətlərə və münaqişələrin motivlərinə nəzər salın. İran İraqda məhz şiə qrupları sünni iraqlılara qarşı dəstəkləyib və bu gün də şiələrin sünnilər üzərində birmənalı hakimiyyətinin qorunmasına çalışır. İran Yəməndə məhz şiə qrupları (husiləri) sünnilərə qarşı silahlandırır və ölkənin legitin hakimiyyətini devirməklə şiə diktaturası yaratmağa cəhd edir. İran Suriyada şiələri, hətta özlərini müsəlman saymayan druz tayfaalrını sünnilərə qarşı dəstəkləyir. İran Azərbaycanda da şiə cəhalətinin birmənalı şəkildə güclənməsinə və yenilməz güc olmasına çalışır. İran Əfqanıstanda, Pakistanda da azsaylı şiələri himayə edir, onların nəzarətindəki qanunsuz silahlı qrupları gizli şəkildə dəstəkləyir. Məqsəd sünnilərə zərər vurmaqdır.
Qeyd edim ki, bir vaxtlar İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin və sonradan İran Səfirliyinin dini işlər üzrə müşaviri olmuş höccətülislam Əliəkbər Ocaqnejad şəxsən mənə dedi ki, şiəlik İranın siyasi strategiyasıdır. Yəni bəzilərinin düşündüyü kimi, şiəlik İranda ilahi qüdrət rəmzi yox, siyasi alətdir. Elə bu səbəbdən də məzhəb birliyi nümayiş etdirərək İranın siyasi çağırışlarının qulu olanlar qəflət yuxusundan ayılmalıdırlar. Ən azından İran nağılını unutmalı, məzhəbini azərbaycançılıq üzərindən inkişaf etdirməlidir.
İfşa edilən casus şəbəkəsi
Yuxarıda qeyd etdiyimiz kimi, İran hər zaman Azərbaycanı ya öz ərazisinin bir parçası kimi görüb, ya da buna heç olmasa, Azərbaycanın zəif, geridəqalmış aqrar ölkə olmasına çalışıb. Bu arzusunu gerçəkləşdirmək üçün isə Qarabağ münaqişəsinin həll olunmadan müddətsiz şəkildə qalması Tehranın siyasətinə cavab verirdi. Həm də təbii sərvətlərlə zəngin, üstəlik, strateji geosiyasi mövqeyinə görə dünyanın diqqətində olan Azərbaycanın iqtisadi inkişafını ləngidəcək başqa səbəb yoxdur deyə, bu gün də İran Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmaqla nəsə etməyə çalışır. Amma bədbəxt ölkənin başçıları bilmir ki, Azərbaycan bugünkü iqtisadi qüdrətini məhz Zəngəzur dəhlizi olmadan qazanıb.
Hər şeydən əli üzülən İran müstəqilliyi dövründə Azərbaycanda (eləcə də Gürcüstanda) çox sayda “özünəbağlı xidmətçilər və beynəlxalq dillə desək, casuslar yetişdirib. Bunlar yalnız İranda təhsil almış ruhanilər deyil, mədəniyyət və ədəbyyat sahəsində, ticarətdə və digər iqtisadi sahələrdədir. Ən böyük dəstəkçi qüvvə isə aztəminatlı əhali arasındadır. Hansı ki, vaxtilə 50 minədək insana humanitar yardım göstərən İmdad Komitəsi məhz bu niyyətlə yaradılmışdı. Düzdür, son vaxtlar Tehranın açıq düşmənçiliyinə dözməyən Azərbaycanda bir sıra anti-addımlar atılır. Məsələn, İran kəşfiyyatının gözlə görünən simalarından Ocaqnijad deportasiya edildi, İran tərəfindən Suriyada terror aktları təşkil etmək üçün təlim keçmiş, fəaliyyəti yasaqlanmış İslam Birliyi Hərəkatının 19 üzvü, habelə qadağan olunmuş radikalizm yönümlü dini nəşrləri Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirdiklərinə görə saxlanılıb. Bundan başqa, Azərbaycanın təhlükəsizlik xidməti, həmçinin İrandakı molla rejiminin ardıcılları olan azərbaycanlıların yaratdığı WhatsApp qruplarını da ifşa edib və sair. Eyni zamanda, təhlükəsizlik xidməti hərbi təlimlər, qurğular və avadanlıqlar, o cümlədən İsrail və Türkiyənin pilotsuz təyyarələri, həmçinin enerji və obyekt infrastrukturu ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün İranın xüsusi xidmət orqanları tərəfindən təlim keçmiş İran casus şəbəkəsinin 5 üzvünü həbs edib. Xatırlayırsınızsa, SOCAR-ın Xəzər dənizi neft donanmasının kapitanı da tutuldu. Niyə, çünki o, İranın Qum şəhərində dini təlim keçibmiş və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər, hərbi təlimlərin keçirildiyi yer, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə və dənizdəki neft platformalarına çatdırılan mallar haqqında məlumat toplamaq vəzifəsini yerinə yetirirmiş.
Yersiz NATO bəhanəsi
İran bütün bu uğursuzluqlardan sonra öz zəifləmiş mövqeyində çapalayarkən qeyd edir ki, Zəngəzur dəhlizinin timsalında, İranın şimal sərhədi boyunca NATO-nun keçid xətti yaradılır və ssenari müəllifləri ABŞ, Böyük Britaniya və İsraildir. Onlar isə bu layihənin gerçəkləşməsinə imkan verməyəcəklər. NATO məsələsini isə ona görə ortaya atırlar ki, Qərbin Qafqaza gəlişinə qarşı çıxan Rusiyanı məsələyə qatsınlar. Amma ötən il iyulun 22-də Rusiya, İran və Türkiyə rəhbərlərinin Tehran görüşündə bu “narahatlığını” dilə gətirən Əli Xamenei başa düşdü ki, Zəngəzur dəhlizi layihəsi Rusiyanı ya narahat etmir, ya da ümumiyyətlə, bu, onlar üçün prioritet məsələ deyil. Yəni Türkiyə ilə Azərbaycanın, eləcə də bu layihəyə dəstək olan Qərbin və Orta Asiyanın mövqeyi qətidir və köklü amillərlə bağlıdır. Üstəlik, bu özünü dekabrın 14-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən, Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla bir araya gətirərək, qazın Avropaya nəqlini müzakirə edən sammitdə özünü büruzə verdi…
İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər səbəbindən Arazın güney sahillərində yerləşdirdiyi “İnqilab keşikçiləri”nin 10 min yaraqlısı indi də oradadır. Ancaq bunlar bizi qorxutmur. Ən azından, İranın keçmişdənqalma silah və hərbi texnikasına qarşı Azərbaycan Türkiyə və İsrail istehsalı olan ən müasir döyüş vasitələri ilə hərbi təlim keçib, eynilə İranın etdiyi kimi, Araz çayını keçmək kimi bir məşqi də uğurla başa vuraraq öz qüvvəsini nümayiş etdirdi.
Bütün hallarda, İranın Azərbaycana qarşı düşmənçiliyi barıt olub yanmaqdan başqa heç nə ilə özünü büruzə verə bilməyəcək. Ən azından İran Şuşa Bəyannaməsində qeyd olunan məqamları əzbər bilir. Bəyannamədə qeyd olunub ki, “Üçüncü ölkə və ya ölkələr tərəfindən onlardan hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlığına və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyinə qarşı təhdid və ya təcavüz aktı” baş verərsə, Azərbaycan və Türkiyə “bu təhlükəni və ya təcavüzü birlikdə aradan qaldırmalıdır…”.
Sonda qeyd edim ki, İranın daxildə və xaricdə üzləşdiyi təhlükələr nə olursa-olsun, İslam Respublikasının Azərbaycanın Ermənistanla münaqişəsi ilə bağlı dilemması, müsəlmanları dəstəkləmək və şiələrə rəhbərlik etmək iddialarında rejimin gizli siyasətini ifşa etdi. Bu rejimin məqsədi nə İslam, nə də şiədir - öz xalis mənfəətləridir. Şiə ölkəsi İranın səyləri Mehdinin deyil, Fars İmperiyasının qayıdışı üçündür. Ən çox itirənlər isə bu təhrif edilmiş rejimlə eyni yolu gedənlər olacaq...