Moskva prospektində xüsusi hərəkət zolağı çəkildi

13:08 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı təşkil edilib. Bununla da mövcud xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib.

Bu barədə Hafta.az-a AYNA-dan bildirilib. Qeyd edilib ki, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumata görə, sözügedən yol sahəsindən keçən müntəzəm avtobuslarla gün ərzində ümumilikdə 90.000-dən çox sərnişin daşınır.

Xüsusi hərəkət zolağının təşkili ilə yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların marşrut üzrə rahat və vaxt itkisi olmadan hərəkəti təmin ediləcək.