Moskva merinin müavini Anastasiya Rakova paytaxtda orta ömür müddətinin 79 yaşa yaxınlaşdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Rakova “Moskvada orta ömür müddətimiz çox yüksəkdir. Ümumilikdə ölkəyə nəzər saldıqda Dağıstan və İnquşetiya ilə birlikdə ilk üçlükdəyik. Biz qarşıdakı illərdə 80 ili keçəcəyik” deyib.
“Rosstat”ın məlumatına görə, Moskvada gözlənilən ömür uzunluğu 2023-cü ildəki 79 illik həddi keçərək 79,38 olub.
Bununla belə, kişilərlə qadınlar arasında fərq davam edir: Rəsmi məlumatlara görə, paytaxtın mərkəzində bu rəqəm qadınlarda 82,76, kişilərdə isə 75,85 yaş təşkil edir. Mərkəzdən kənarda, Moskva vilayətində rəqəmlər xeyli aşağıdır: orta hesabla 74,49 yaş (qadınlar üçün 78,75 yaş, kişilər üçün 70,31 yaş).
Bir çox insanlar Moskvada gözlənilən ömür uzunluğunun sirrini axtarsa da, bəzi ekspertlər qeyri-adi versiyalar səsləndirirlər. Məsələn, professor Yelena Novoselova Moskvada daha yaxşı “şərab içmə mədəniyyətinin” inkişafını “araq kimi güclü spirtin” daha çox yayıldığı regionlarla müqayisədə əsas amil kimi göstərir. Novoselova həmçinin hesab edir ki, Moskvada gənc, atletik olmaq dəbdədir, çünki bu, “iş üçün müraciət edərkən üstünlük verir”.